Dünyanı gözləyən İQTİSADİ BÖHRAN – Hansı ölkələr vəziyyətdən qazanclı çıxacaq?

Dünyanı gözləyən İQTİSADİ BÖHRAN – Hansı ölkələr vəziyyətdən qazanclı çıxacaq?

“Hal-hazırda biz ressessiyanın şahidi olmaqdayıq. Dünyanın əsas iqtisadi güc mərkəzlərində inflyasiya göstəricilərini nisbətən aşağı salmaqla müəyyən dərəcədə iqtisadi böyümənin olduğunu göstərirlər. Əslində isə görə bilərik ki, əsas güc mərkəzlərində iqtisadi böyümə məhz inflyasiya hesabınadır və əksinə iqtisadiyyatların kiçilməsi prosesi gedir”.

Bu fikirləri dünyanı gözləyən iqtisadi böhranla bağlı Bizim.Media- ilə fikirlərini bölüşən iqtisadçı eskpert Elman Sadıqov səsləndirib.

Ekspert ABŞ-ı nümunə gətirərək qeyd edib ki, FED hazırda inflyasiyanı aşağı salmaq üçün faiz dərəcələrini yüksəldir:

“Amma dollar 0-0,25% dərəcəsində olduğu vaxtlarda inflyasiya 8,5%-ə bərabər idi. İndi isə bu rəqəm 8,3%-dir. Göründüyü kimi, inflyasiya həddi o qədərdə dəyişməyib. Faiz dərəcələri isə 3,25%-ə qədər artırılıb. Bunun nəticəsidir ki, digər ölkələrdə mənfi təsirlər hiss olunur. Bir sözlə, faiz artımları qısa müddətdə elə də ciddi təsir göstərməsə də, bu tendensiya davam edərsə, iqtisadiyyatlarda boğulmalarla nəticələnəcək. Bu da əmək bazarında gərginliyə gətirib çıxara bilər.

Xüsusilə, Avropa üçqat təsir altındadır. Çünki köhnə qitədə enerji məsələlərində problemlər, dolların güclənməsi, inflyasiya və 6 faizlik işsizlik dərəcəsi mövcuddur. Bu da ciddi problemlərin olması ehtimalını artırır ki, nəticədə Avropada ciddi investisiyaları olan Çin üçün də mənfi vəziyyət yaradır”.

Elman Sadıqov sözügedən vəziyyətin Avropa banklarında ciddi təlatümlər yaradacağı qənaətindədir:

“Bu, qaçılmazdır. Yaxud da dövlətlər buna ciddi müdaxilə etmək üçün müəyyən vəsaitlər ayırmağa məcbur olacaq. ABŞ isə nisbətən yaxşı vəziyyətdə olsa da, dollarla bağlı verilən qərarlar dünya iqtisadiyyatına ciddi təsir göstərir. Çünki dollar dünyada 60%-ə qədər payına saxlayan rezerv valyutadır. Eyni zamanda Yaponiyanın özündə də durğunluq davam edir. 

Digər bir məqamsa, ərzaq problemlərinin qalacağıdır. Ona görə ki, Ukraynanın taxıl istehsalı müharibə səbəbindən, təxmini hesablamalara görə, gələn il 2021-ci illə müqayisədə 25-30% daha aşağı olacaq. 
Bütün bu sadalananlardan əlavə, geosiyasi riskləri, ayrı-ayrı münaqişələri, enerji problemlərini də nəzərə alsaq, yaxın 5-6 ay ərzində dünyanı ciddi sınaqlar gözləyir”.

Ekspert qeyd edib ki, dövlətlər hal-hazırda böhranın maliyyə sisteminə sıçramaması üçün ciddi şəkildə çalışırlar:

“Çünki hər hansı ölkənin maliyyə sistemində böhran yaranarsa, bu başqa ölkələri də yoluxdurur. Əgər problem maliyyə sisteminə sıçrasa qlobal böhran qaçılmazdır. İndiki mərhələdə iqtisadiyyatların daralması vacibdir. İkinci mərhələ isə yeni bir iqtisadi sistemin formalaşması ola bilər”.

Elman Sadıqov böhrandan uduşlu çıxa biləcək ölkələrin adlarını da açıqlayıb:

“Böhranlarda heç də bütün ölkələr uduzmur, bundan qazananlar da olur. Azərbaycan da uduşda olacaq ölkə kimi görülür. Eyni zamanda Orta Asiya ölkələri, Türkiyə, Gürcüstan, Ermənistan, Körfəz ölkələri də bu siyahıdadır. Çünki bu region yeni iqtisadi düzəndə logistik yolların mərkəzində olacaq. 
Lakin əsas nüans qarşıya çıxan bu şanslardan nə qədər faydalana bilinəcəyilə bağlıdır. Əgər Ermənistan da gələcəyə baxmağı bacararsa, Qafqaz rifah içərisində olan bölgəyə çevriləcək. Bu, bütün Qafqaz üçün rifah deməkdir. Yəni, daha güclü Azərbaycan, Gürcüstan, Ermənistan olacaq. Hal-hazırda regionumuz dünyanın önəmli güc mərkəzləri tərəfindən məhz bu cür görünür”.


MANŞET XƏBƏRLƏRİ