"Güllələnmə" videosundakı şübhəli məqamlar...


Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb.

Məsələ ilə bağlı Baş Prokurorluğun yaydığı məlumata görə, Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Sosial şəbəkələrdə yayılan görüntülər barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev sözügedən videonun ciddi şübhə doğurduğunu bildirib. O, həmin kadrlardakı xırda detallara diqqət çəkərək deyib:

"Görüntüləri yayılan hərbçilərin istifadə etdiyi dəbilqə bizim aidiyyatı bölmələrdə istifadə olunan dəbilqəyə uyğun gəlmir. Digər tərəfdən dağlıq və qayalıq ərazidə bu qədər yaxından atəş açılması atəş açan şəxsin özünə də problem yarada bilər. Bu zaman qəlpə, yaxud güllə daşa dəyib atıcının özünə qarşı yönələ bilir. Bu da qeyri-peşəkarlıqdır. Azərbaycan Ordusunun hərbi qulluqçularının belə qeyri-peşəkar davranacağını düşünmürəm. Həmin görüntülərdə şübhəli məqamlar var. Əminəm ki, bütün detallar araşdırılacaq".

Ekspert sosial şəbəkə istifadəçilərinə çağırış edərək, onları erməni təxribatlarına uymamağa çağırıb:

"Mən vətəndaşlarımızdan xahiş edərdim ki, bizim maraqlarımıza uyğun gəlməyən, düşmənin quraşdırıb tirajladığı belə məlumatları paylaşmaqdan çəkinsinlər. Bu heç bir halda bizə fayda gətirmir. Düşmənin maraqlarına xidmət edir. Biz hərbçilərimizin təhlükəsizliyi baxımdan bu tip videoları qətiyyətlə paylaşmamalıyıq. Təəssüflər olsun ki, bəzi sosial şəbəkə istifadəçiləri 5-10 bəyənmə və xoş rəy üçün belə şübhəli videoları yaymaqdan çəkinmir.

Onu da qeyd etmək lazımdır ki, hərbçilərin foto çəkib paylaşa biləcəyi vasitələrdən istifadəsi onsuz da qadağandır. Əgər bu videolardakı görüntülərin doğru olduğu təsdiqlənərsə, həmin çəkiliş aparan şəxsin cəzalandırılması qaçılmaz olacaq".


MANŞET XƏBƏRLƏRİ