"Dərsdən qalmaq üçün direktora ildə 2500 manat rüşvət verirlər" - Şok ittiham


"Təhsil sahəsində belə bir durum var və onu hamı bilir. Bakı məktəblərinin bəzi yuxarı sinif şagirdləri dərslərdən daha rahat yayınmaq üçün rayon yerlərindəki məktəblərə adlarını yazdırırlar. Bunu da elə-belə deyil, rüşvət qarşılığında edə bilirlər".

Turkustan.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Azər Həsrət deyib.

O, şagirdlərin bu cür dərsdən yayınması üçün məktəb direktorlarının aldığı rüşvəti açıqlayıb:

"Deyilənə görə, Bakı məktəblərində yuxarı sinif şagirdlərinin hazırlığa rahat gedə bilmək üçün dərsdən qalmasının qarşılığı direktora veriləcək məbləğ illik 2 min 500 manatdır. Əlbəttə, indi kimsə çıxıb deyəcək ki, sübut elə. Edə bilməyəcəyəm. Çünki nə verən verdiyini, nə də alan aldığını təsdiqləyəcək. Və onu da deyirlər ki, bu iş rayon məktəblərində daha ucuz başa gəlirmiş. O səbəbdən də Bakıda yaşadığı halda uşağın adı hansısa heç tanımadığı rayonun heç yolunu bilmədiyi bir məktəbin siyahısında olur. Bax, bunu yoxlamaq çətin deyil. Buyursun Elm və Təhsil Nazirliyi də, Baş Prokurorluq da rayon yerlərindəki məktəblərdə bir araşdırma aparsın. Onda görəcəklər ki, qeydiyyatı Bakıda olan və ailəsi faktiki Bakıda yaşayan uşaqların adı necə olubsa hansısa X rayonunun X məktəbində keçir. Və o uşağı da "sinif yoldaşları" belə tanımır. İpucu verdimmi? Verdim. Haydı, buyurun, araşdırın, təhsilimizi bu natəmizlikdən xilas edin. Mənim bir jurnalist olaraq vəzifəm problemlə bağlı həyəcan təbili çalmaq idi. O təbili çaldım. Yeri gəlmişkən, bu dediyimlə Amerika kəşf eləmədim. Hamının bildiyi bir şey haqqında yazıram..." (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ