İrəvan 2 PKK-lını niyə təhvil verdi? – "Onlar Paşinyana sui-qəsddə iştirak edəcəkdilər"


"Türkiyə hansı terror təşkilatının hansı ölkədə olduğunu çox yaxşı bildiyi üçün onların ekstradisiyasını davam etdirir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında "Kafkasya Stratejik Araştırmalar Merkezi"nin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

O, Ermənistanın 2 PKK-lı terrorçunu – "Leheng" kod adlı Atilla Çiçek və "Alişer" kod adlı Hüseyin Yıldırımı Türkiyəyə təhvil verməsini şərh edib:

"Ermənistan hökuməti müxalif qrupların, yəni daşnakların PKK ilə əlaqədə olduğunu göstərmək üçün həmin terrorçuları təhvil verdi. Bundan sonra Ermənistan mətbuatında Nikol Paşinyana qarşı tənqidlər səsləndirilib. Bu terrorçuların Ermənistana keçid tarixi və Ermənistandakı fəaliyyətləri haqqında da çox mühüm məlumatlar var. Onların Qarabağ müharibə başa çatdıqdan sonra Ermənistana gəlmələri bu terrorçuların Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin mümkünlüyünü ortaya qoyur".

KAFKASSAM sədri əlavə edib ki, Paşinyan sui-qəsd komandasını deşifrə edərək onları Türkiyəyə təhvil verib və əslində, bununla bir güllə ilə iki dovşan vurub:

"Bununla da Paşinyan Türkiyə ilə qeyri-rəsmi də olsa, diplomatik əlaqə qurmuş olub.

Bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixindən etibarən, Türkiyənin xüsusi elçisi Ermənistanlı vəzifədaşı ilə 4 dəfə görüşüb və sərhəd qapılarının açılması gündəmə gəlib. Artıq Türkiyə-Ermənistan sərhəd qapıları üçüncü ölkələrə xidmət göstərməyə başlayıb. Sərhəd qapılarının açıq olmadığı bir mühitdə belə PKK-nın İğdır vasitəsilə Ermənistana keçməsi terror təşkilatının Ermənistanı açıq terror düşərgəsinə çevirmək istəyəcəyini göstərir".

"PKK Ermənistanda yaşayan ezidi kürdlər vasitəsilə bölgədə fəaliyyət göstərmək istəyir. Ermənistan dövləti bu fəaliyyətlərə icazə verərsə, Türkiyə ilə hər hansı münasibət qurmaq mümkün deyil. Nə Ermənistan, nə də regionda sülh istəyən Azərbaycan və Türkiyə buna imkan verməyəcək.

Beləliklə, Türkiyə ilə başlayan xoşməramlı danışıqlarda Ermənistan konkret addım atmaqla, sərhəd qapılarının açılmasına mane olan ən azı bir amili aradan qaldırıb", - deyə Hasan Oktay fikirlərini yekunlaşdırıb.


MANŞET XƏBƏRLƏRİ