Kreditlə məktəb direktoru olmaq...


Seymur VERDİZADƏ

Arıq, çəlimsiz uşaqlar valideynlərindən əvvəl evdən çıxırlar. Çoxu gözlərini ovuşdura-ovuşdura yol gedir. Bir azdan Bakının üstünə qatı duman çökəcək. Onlar repetitorun qapısını döyəndə hava hələ qaranlıq olacaq. Körpə balalarımız ölkəmizi aydınlığa qovuşdurmaq üçün qaranlıqları yara-yara elm öyrənməyə gedəcəklər...

Uşaqlar qapılarda elm öyrənəndə məktəblərdə bağlı qapılar arxasında dəstə-dəstə pullar yığılır. Bunu mən demirəm, direktorlar özləri deyir. Mənə demirlər, ha, rəhbərlik etdikləri kollektivlərin üzvlərinə deyirlər. Sosial şəbəkələr belə səs yazıları ilə doludur. Bəzən bir həftədə 3 direkorun səs yazsısı yayılır. Minimum məbləğ 50 manatdan başlayır. "Mənə nə maaş almamısan? Zəhmət çək tap!" Direktorlardan biri tabeliyində çalışan müəlliməyə belə deyib.

Dünya yarananda insanların necə yaşadığından xəbərim olmasa da, əminəm ki, o vaxt da rüşvət olub. Az yaşım yoxdur, həmkarım Əziz Rzazadənin sözü olmasın, iki müharibə görmüşəm. Hətta sovet dövründə də yaşamışam. O vaxt da rüşvət vardı. Üstəlik, rüşvətə özünəməxsus münasibət də vardı. Uşaq olsaq da, tez-tez belə sözlər eşidirdik: "Kişi nə etməlidir? Verdiyi pulu çıxarmalı deyil?!"

Bu rüşvətlə vəzifəyə gedənlərə aid idi. Qohum-qardaşdan borc pul alıb vəzifəyə təyin olunurdular. Sonra da rüşvət alıb yavaş-yavaş borcunlarını geri qaytarırdılar. İndi olduğu kimi...

Yanlış anlamayın, rüşvət alan direktorlara qətiyyən haqq qazandırmıram. Amma bəzi məsələlər mənə qaranlıq qalır. Yazım: Ayda-ildə bir dəfə restoranların birində səhər yeməyində, yaxud teatrların birində axşam tamaşasında Elm və Təhsil Nazirliyinin məsul əməkdaşlarıyla, məsələn, nazirin müşavirləri ilə bir araya gəlirəm. Onlar ciddi-cəhdlə məni inandırmağa çalışırlar ki, təhsil sektorunda rüşvət yoxdur. İnanmadığımı görəndə isə əlavə arqumentlər gətirirlər: "Direktorlar imtahan yolu ilə seçilir. Kim imtahanı verə bilirsə, 1 qəpiksiz direktor təyin olunur".

Mənim nağıllara inanan vaxtım çoxdan keçib. Amma az qalmışdı ki, bu söhbətlərə inanım. Bir gün şam yeməyində tanış bank əməkdaşı müştərilərdən birinə yarım saat ərzində azı 10 dəfə zəng etdi. Axırda dilxor olduğumuzu görüb izahat vermək məcburiyyətində qaldı: "Müəllimə ötən il direktor keçəndə bizdən kredit götürmüşdü. Hər ay gecikdirir..."

Gözümüzü döyüb key-key üzünə baxdığımızı görəndə belə dedi: "Müştərilərimizin arasında kredit götürüb vəzifəyə gedənlər çoxdur".

Bu söhbətdən xəbərdar olduğum üçün ötən gün səs yazısı yayılan direktoru qınamadım. Bəlkə də kreditinin vaxtı imiş...

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ