Payızın gətirdiyi xəstəliklər: Necə qorunaq?


İlin ən günəşli, isti və canlı fəslinin son gününü yaşayırıq.

Sabah isə ölkəmizə Bakı vaxtilə saat 05:03-də payız fəsli daxil olacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, həmin vaxt gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Payız mövsümi insanlara fərqli şəkildə təsir edir. Havaların soyuması, dəyişkən keçməsi insanların əhval-ruhiyyəsində özünü göstərir.

Bununla bağlı dünyada "payız depresiyası" adlı termin də formalaşıb. Fəsil dəyişikliyi təkcə insanların əhvalına deyil, həm də sağlamlıqlarına siraət edir, payızda bir sıra xəstəliklər aktivləşir, xroniki xəstəliklər fəallaşır. Bu xəstəliklərin aktivləşməsi immuniteti zəif olan insanlarda özünü daha çox biruzə verir.

Terapevt Rasif Bağırov mövzu ilə bağlı Cebhe.info-ya danışarkən bildirib ki, bu fəsildə xroniki xəstəlikləri olanlar diqqətli olmalıdırlar:

"Payız fəslinin gəlməsi ilə bağlı müəyyən xəstəliklər inkişaf eləməyə, artmağa başlayır. Birinci növbədə nəzərə almaq lazımdır ki, havaların kəskin soyuması yuxarı tənəffüs yolları xəstəliklərinin qalxması, qrip və müxtəlif xəstəliklərin stimulyasiya edib artmasına kömək edir.

Bundan əlavə payız fəsli gələndə insan orqanizmində müəyyən mineralların və vitaminlərin tələbatına ehtiyac olur. Xroniki xəstəliyi olan xəstələr həmin orqana lazım olan maddələri daxil etmədikdə xəstəliklərin kəskinləşməsi baş verir. Yəni istənilən xroniki xəstəliklər aktivləşməyə başlayır. Ona görə də xroniki xəstəliyi olanlar xəstəliyə uyğun dərmanları və yaxud mineralları qəbul eləməlidirlər ki, xəstəlik kəskinləşərək xəstələrdə problem yaratmasın".

Həkim hesab edir ki, payızda aktivləşən konkret xəstəlik yoxdur:

"Konkret olaraq hansısa xəstəliklərin yaranması yox, müəyyən soyuqdəymə, yuxarı tənəffüs yolları xəstəliklərin və xroniki xəstəliklərin aktivləşməsi mümkündür".


MANŞET XƏBƏRLƏRİ