İranda hicab könüllü olacaq? - "Fəalları, etirazçıları aradan götürüb..."

İranda hicab könüllü olacaq? -

Sentyabrın 16-da İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn 22 yaşlı Məhsa Əmini “pis taxılmış hicaba” görə saxlanılıb, sonra isə vəhşicəsinə döyülərək öldürülüb. 

Bu, ölkədə kütləvi etirazlara səbəb olub. Başda qadınlar olmaqla iranlılar məcburi hicaba etiraz edirlər. Onlar İslam Respublikasının siyasətinə və məcburi hicabın tətbiqinə etiraz əlaməti olaraq hicablarını çıxarırlar.

Artıq bir neçə gündür ki, İranın Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərində kütləvi aksiyalar davam edir. Şəhərlərdə çox sayda aksiya iştirakçısı həbs edilib. Bəzi yerlərdə aksiyaçılara qarşı silah tətbiq edilib və polislə qarşıdurmada xəsarət alanların olduğu barədə məlumatlar var.

Maraqlıdır, aksiyalar davamlı olacağı təqdirdə, İranda hansı qadağalar götürülə bilər?

Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, aranı sakitləşdirmək üçün müvəqqəti güzəştlər edilə bilər:

"Məcburi hicab bağlamaq kimi qaydaların dəyişməsinə inanmıram. Sadəcə aranı sakitləşdirmək üçün müvəqqəti güzəştlər edilə bilər. Rəisidən əvvəl sabiq prezident Həsən Ruhaninin zamanında bu qaydalar o qədər də sərt deyildi. O, qismən bu qadağaların normallaşdırılmasının tərəfdarı kimi görünməyə çalışırdı və xalqın da arzusunu çox gözəl bilirdi. Odur ki, müəyyən mənada özünə xal qazanmaq üçün də bu yumşalmalara meyilli idi. Ancaq İbrahim Rəisi mühafizəkar şəxsdir. O, bu qaydaları daha da sərtləşdirir. Həm də özü uzun müddət prokurorluq, məhkəmə sistemində çalışdığı üçün bütün məsələlərə ittihamçı gözü ilə baxmaq təcrübəsi var. Bir şeyi bilmək lazımdır ki, İranı din adı altında xalqa tətbiq etdiyi bu sərt qadağalar və qanunlar titrədir. Çünki insana nəyi qadağan edirsənsə, ona bir qədər də meyilli olur. Əgər insanın o şeyin qadağan olma səbəbinə inamı və razılığı yoxdursa, mütləq o cilovdan xilas olmaq yolu axtaracaq". 

İlahiyyatçı deyib ki, İranda din repressiya aləti, zülm məngənəsi, işgəncə aləti kimi tətbiq olunur:

"İslam buxov deyil, din azadlıqdır. Ancaq İranda din repressiya aləti, zülm məngənəsi, işgəncə aləti kimi tətbiq olunur və buna görə də insanlar ölkələrinin hakimiyyətinə, ziyarətinə nifrət etdikdə dinə də nifrət edirlər. Hicab zorla olmaz. İslamda məcburiyyət yoxdur. Sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Məhz bu gün də həmin sərtlik İranı içindən laxladır. Bir sözlə, İran rejimi təqiyyə (ehtiyac olanda özünü, əsl amalını, əsl siyasətini tam gizlətmək) ideologiyasına xidmət etdiyi üçün ola bilsin, müvəqqəti olaraq müəyyən güzəştlərə söz versinlər, aranı sakitləşdirsinlər, gizli həbslər baş versin, fəalları, etirazçıları aradan götürüb yenidən sərt qaydalara rəvac versinlər. Çadra məsələsində hansısa güzəştə getmələrinə inanmıram".

Tural İrfan bildirib ki, İranda dinin siyasətə qarışmamalı olduğunu bildirən hər kəs "meydandan" didərgin salınıb:

"İrandakı inqilabın əsl lideri, Təbriz əsilli böyük Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədari o zaman fikir irəli sürmüşdü ki, gəlin, millətlərə azadlıq verək, dini siyasətə qatmayaq, çünki sabah iqtidar dəyişsə, insanlar hakimiyyətə qarşı çıxsa, dinə də qarşı çıxmasınlar, dini siyasətdən ayıraq.

Lakin onu siyasi səhnədən uzaqlaşdırdılar, həbs etdilər, Təbrizi bombalamaqla hədələyib ev dustağına çevirdilər və acı bir sonluqla ömrünü tamam etməyə məcbur etdilər. Daha sonra kütləvi və məhkəməsiz edamlara qarşı çıxışlar edən, o dövr üçün İrana dövlətinin ikinci şəxsi, hətta Hüseynəli Müntəziri müsahibələrinin birində dini liderə fövqəladə səlahiyyətin verilməsinə etiraz olaraq deyirdi: "Mən həqiqəti söyləməyi dini vəzifəm hesab edirəm. Qurandan idarəetmə hüququnun insanlara aid olduğu qənaəti çıxır. Dini lider qanun qarşısında başqaları kimidir, qanundan üstün ola bilməz. Sahəsindən kənarda olan işlərdə, məsələn, iqtisadiyyatda və xarici siyasətdə iştirak edə bilməz. Təəssüf edirəm ki, İslam cəmiyyətində bugünkü şərtlərdə idarəçilərdən başqa heç kimin bir söz haqqı yoxdur və inqilabın övladlarının həbsxanalara atılmasına təəssüflənirəm".

Yaxud başqa dinlərin, digər məzhəblərin nümayəndələrinin repressiyasına qarşı, məsələn, Bəhailərin həbsinə qarşı deyirdi: "Bəhailər də iranlılardır, buna görə də vətəndaşlıq hüquqlarından istifadə etməlidirlər". Nəhayət o da siyasi səhnədən uzaqlaşdırıldı və ömrünü həbslərdə, məhrumiyyətlərdə tamamlamağa məcbur oldu".


MANŞET XƏBƏRLƏRİ