Rusiyada sərxoş kişilər də səfərbərliyə cəlb olunur


Rusiyada qismən səfərbərlik elan olunması cəmiyyətdə rezonans doğurub. Böyük şəhərlərdə etiraz aksiyaları keçirilir. Ehtiyatda olan hərbi qulluqçuların yaxınları, fəallar qərara etirazını bildirir.

Ukraynaya göndərilmək perspektivi ilə üzləşən kişilər ölkədən qaçmaq yollarını axtarır. İstanbula, Bakıya, Astanaya, İrəvana təyyarə bileti qalmayıb. Tapılan bilet də bir neçə min dollara təklif olunur. Gürcüstanla, Finlandiya ilə, Monqolustanla sərhədlərdə uzun maşın növbələri yaranıb. Ayağı tutan Rusiyadan qaçır.

Bizimyol.info xəbər verir ki, Rusiyada sərxoş kişilər də səfərbərliyə cəlb olunur. Sosial mediada bununla bağlı videogörüntülər paylaşılır. Videolardan birində səfərbərliyə cəlb olunmuş bir dəstə kişinin sərxoş tərzi diqqət çəkir. Onlar içkinin təsirindən rabitəsiz danışır, ayaq üstə dayana bilmirlər.

Kreml səfərbərlik sayəsində orduya 300 mindən çox canlı qüvvə cəlb etməyi planlaşdırır. Yenə daha çox bölgələrdə yaşayanlara çağırış vərəqləri göndərilib. Adı siyahıya düşənlər arasında azərbaycanlılar da var. İddiaya görə, çağırışdan yayınmaq üçün azı 7-8 min dollar rüşvət vermək lazımdır.

Videonun Primorsk vilayətində çəkildiyi bildirilir. Burada əsasən kəndlərdən adam toplanır. Səfərbərliyə spirtli içki asılılığı olan şəxslər də cəlb edilir.

Kremlin orduda canlı qüvvə artırmaq planının uğursuz alındığını indidən demək olar. Rusiyada hakimiyyət əleyhinə danışmaqla bağlı total qorxu müşahidə edilsə də, insanlar etiraz səsini ucaltmağa başlayıb. Gənclər mümkün qədər küçəyə çıxmır, kənd yerlərində gizlənməyə çalışır. Rusiyada əhalinin yeniliyi bəyənmədiyi açıq-aşkardır.

Kreml qoşunları Ukraynada təxminən 56 min hərbçisini itirib. 2236 tank, 1341 artilleriya sistemi sıradan çıxıb. 253 təyyarə, 218 vertolyot məhv olub. Rusiya danışıqlar prosesinə hazır olduğunu bildirir. Ukrayna Prezidenti Volodimir Zelenski daha danışmağa mövzu qalmadığını, hər şeyin döyüş meydanında həll olunacağını açıq deyir. Kiyev işğal olunmuş ərazilərin nəzərəçarpan hissəsini geri qaytara bilib. /Bizimyol.info/


MANŞET XƏBƏRLƏRİ