Tehranın kabusuna çevrilən "Turan dəhlizi": "Güney Azərbaycandan da narahatdır"


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası "Zəngəzur dəhlizi" ilə bağlı yeni bəyanat verib.

İranlı deputatlar beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunmasının "qaçılmaz zərurət" olduğunu bildiriblər. Bəyanatda açıq şəkildə "Zəngəzur dəhlizi" ifadəsi işlədilməsə də, İran parlamentinin bu projeyə qarşı çıxdığı məlumdur. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının bəyanatında istənilən sərhəd dəyişikliyinin qəbuledilməzliyi və bunun beynəlxalq hüququn prinsiplərinə zidd olduğu vurğulanıb. "İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır və sionist rejimin, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) regionda geosiyasi-konspirativ planlar şəklində həyata keçirdiyi fitnəyə layiqli və qəti şəkildə reaksiya verəcəkdir. İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası özünəməxsus vəzifə və missiyasına uyğun olaraq, Qafqaz regionunda baş verənləri daha həssaslıqla izləyəcək və İran xalqının hüququnu qorumaq üçün lazımi tədbirlər görəcək", -deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Cənubi Qafqaz regionunda baş verən hadisələrlə bağlı müvafiq qurumların və ekspertlərin iştirakı ilə görüşlər keçirib. "Bu görüşlərin nəticələrinin regionda sabitliyin və təhlükəsizliyin bərpasına kömək edəcəyi gözlənilir" , - məlumatda deyilir.

Ümumiyyətlə, İran israrla Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək "Zəngəzur dəhlizi"nə qarşı çıxır və son vaxtlar verdiyi bəyanatlarda sərhəd dəyişikliyilə bağlı məsələləri "qırmızı xətt" adlandırır.

Mövzu ilə bağlı Cebhe.info -ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran Azərbaycanın uğurlarını, regionda yeni yaranmış siyasi-ictimai şəraiti qəbul edə bilmir:

"İran hakimiyyəti özünü əvvəlki vəziyyətə daha çox uyğunlaşdırmışdı. Bu da Azərbaycanın məğlub durumda qalması idi. Bu zaman İran Azərbaycana daha çox təzyiq edə və Azərbaycan qarşısında şərtlər irəli sürə bilirdi. Ermənistandan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək də asan idi. Amma indi vəziyyət dəyişib və İran hakimiyyəti bu vəziyyətə uyğunlaşa bilmir. Bu vəziyyətə uyğunlaşmaq üçün İranın Cənubi Qafqaz üzrə xarici siyasi kursu dəyişməlidir. İran tərəfi Azərbaycanla Ermənistan arasında normallaşma prosesi başa çatdıqdan, sülh müqaviləsi imzalandıqdan sonra bu iki qonşu dövlətlə necə münasibət quracaq, necə yanaşacaq? Bu mərhələyə hazırlaşmaqdansa, iğtişaş yaratmağı üstün tutur, Ermənistanla Azərbaycan arasında gərginlik yarada biləcək bütün məsələləri qaldırır, problemlər yaradır. "Zəngəzur dəhlizi" məsələsi də bunlardan biridir. Azərbaycan tərəfi bəyan edir ki, Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir və avtomobil yolu xətti oradan keçməlidir. Ermənistan tərəfi buna razılıq verib. Sadəcə olaraq, indiyə qədər o yolun haradan və necə keçməsi üçün yer ayırmayıb. Ermənistan bu məsələdə də vaxt uzadır, bəhanələr gətirir. Ermənistanın vaxtı uzatmasında isə həm İranın, həm Rusiyanın maraqları var".

Ekspertin fikrincə, İran bu məsələdə ona görə maraqlı deyil ki, Türkiyə ilə Azərbaycan birləşəcək və bununla da iki qardaş türk dövlətlər daha da güclənəcək. O bildirib ki, İranın əsas qorxusu "Türk dəhlizi"nin qurulmasıdır:

"İranda bir sıra rəsmilər və mətbuat Zəngəzur dəhlizini "Turan dəhlizi", "Türk dəhlizi" kimi də təqdim edirlər. İran isə bundan qorxur. İran ümumiyyətlə, həmişə bu kimi məsələlər qaldırmaqla reallıqdan uzaq fəaliyyət göstərir. İran-Turan məsələsi barədə fars şovinizminin ideoloqlarından sayılan Firdovsi öz "Şahnamə" əsərində yazıb. Bu günə qədər də fars şovinistlərində İran-Turan savaşı adlı xof var. Ona görə də türkcə danışmaq istəyəndə, Türkiyə adını tutanda belə İran Firdovsidən qalma xofu yenidən yaşayır və Türk (Zəngəzur) dəhlizindən də xoflanır. Amma Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əlaqələri dünyanın heç bir ölkəsinə ziyan vermir. Bundan İran da faydalana bilər. İran hakimiyyəti bu məsələdə Türkiyə və Azərbaycanın birgə fəaliyyətindən xoflanmaqla yanaşı, həm də Türkiyəni Azərbaycana qısqanır. Bu qısqanclığa görə də region ölkələri, xüsusilə, Ermənistan və Azərbaycan arasında yaxınlaşmaya maneə törətməyə çalışır. Tehran həmişə özünə Ermənistanı Azərbaycandan daha yaxın bilib. Bu yaxınlığa görə Azərbaycana maneə törədib və indi də bir sıra siyasi şantajla məşğuldur. Guya regionda kimsə yeni sərhədlər müəyyənləşdirmək istəyir və s".

S.Soltanın sözlərinə görə, İran Güney Azərbaycan faktorundan da çox narahatdır:

"Regionda Azərbaycan-İran, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya sərhədləri müəyyəndir. Bəzi ərazilərin sərhədlərinin müəyyənləşməsində müəyyən anlaşmazlıqlar var və bu danışıqlar yolu ilə çözülür. Oxşar məsələ Ermənistana da təklif olunub. Azərbaycanla Ermənistan arasında heç bir sərhəd yoxdur. Ermənistan tərəfi torpaqlarımızı işğal altında saxladığı dövrdə öz sərhədlərini müəyyən etməyib. İşğal etdiyi Azərbaycan torpaqlarına öz ərazisi kimi baxıb. Bu gün isə məlum olur ki, Ermənistanın heç sərhəd nişanları yoxdur. Bir ölkənin ki, öz tərəfində sərhəd nişanı yoxdur, başqa nə düşünmək olar? Azərbaycan bu sərhədləri müəyyənləşdirmək istəyər. Davamlı sürətdə qeyri-müəyyən sərhəd zolağından Azərbaycan ərazisi hücumlara məruz qalır. Son hadisələr bunu bir daha təsdiqlədi. Fikrimcə, İran tərəfi Türkiyə-Azərbaycan yaxınlaşmasından təkcə bu iki dövlətin maraqlarının təmin olunmasına görə narahat deyil. O həm də Güney Azərbaycan faktorundan, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində fəaliyyətindən narahatdır. Sadəcə olaraq, bunu dilə gətirmir, görməzdən gəlir və Zəngəzur dəhlizi məsələsi ilə bütün hikkəsini, kinini, nifrətini siyasi meydana qoyur".


MANŞET XƏBƏRLƏRİ