Psixoloji problemi olanların DİQQƏTİNƏ!

Psixoloji problemi olanların DİQQƏTİNƏ!

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur.

Qurumdan verilən məlumata görə, sözügedən xidmət əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına və psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəlib. Bu məqsədlə TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaradılıb. Hazırda yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir. Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub. 

İxtisaslaşdırılmış psixoloji yardım xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmasa da, vətəndaşların psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq həmin şəxslərə xidmət ödənişsiz şəkildə həyata keçirilir. Tibb müəssisələrində kliniki psixoloji yardım həm uşaqlara, həm də böyüklərə göndərişsiz göstərilir.

Mütəxəssislər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı yaşayan insanların psixoloji dəstək üçün psixoloqa müraciət etmələrini tövsiyə edirlər.

Nərimanov Tibb Mərkəzinin psixoloqu Mələk Seyidovanın sözlərinə görə, psixoloqlar daha çox biopsixososial yanaşma ilə xəstəlikləri təyin edir və psixoloji problemlərin bioloji və sosial tərəflərinə diqqət edərək müalicə zamanı problemə uyğun fərqli psixoterapevtik texnikalardan istifadə edirlər:

“İnsanın duyğu, düşüncə və ya davranışlarında hər zamankı hal ilə müqayisədə fərqliliklər yarana bilər. İnsan özünü emosional olaraq narahat hiss edə bilər və ya əvvəllər zövq aldığı fəaliyyətlər artıq ona mənasız gələ bilər. Bu kimi şikayətlər uzun müddət davam edirsə psixoloqa müraciət  etmək lazımdır. İnsan müəyyən bir hadisə yaşadıqda bu müxtəlif düşüncələrə gətirib çıxarır. Həmin düşüncələr də fərqli neqativ duyğular yarada bilər. Yaranan bu duyğu insanın davranışlarına təsir etdiyi üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər. Neqativ düşüncələrin alternativ düşüncələrlə əvəz olunması üçün psixoterapiyadan istifadə olunur”.

Qeyd edək ki, ödənişsiz psixoloji xidmətə konsultasiya və testlər, dəyərləndirmənin nəticələrinə uyğun müalicə planının tərtib edilməsi, psixoterapiya müalicəsi (koqnitiv-davranış terapiyası, şəxsiyyətlərarası terapiya və s.) və ya ehtiyac  olduqda multidisiplinar yanaşma daxildir (nevroloqlar, terapevtlər, psixiatrlarla və s. birlikdə iş).

Psixoloji yardım psixoloji problemlərin həlli, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir. Psixoloji yardım müddətindən asılı olaraq təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər) və uzunmüddətli (12 sessiyadan çox) ola bilir. Psixoloji yardım zamanı etik kodeksə uyğun olaraq pasiyentlə bağlı məlumatların konfidensiallığı qorunur.

Qeyd olunmalıdır ki, həmçinin Bakı şəhərində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi, TƏBİB-in tabeliyində olan Uşaq Nevroloji Xəstəxanasında uşaq və yeniyetmələrə psixi və psixoloji xidmət göstərilir. Həmin xəstəxanalarda Daun və autizm sindromlu, nitq və psixi inkişafında müxtəlif dərəcəli əqli geriliyi olan, davranış pozuntusu, diqqət əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaq və yeniyetmələr reabilitasiyalara cəlb edilir, eyni zamanda psixopedaqoji iş aparılır. Uşaqlarının problemləri barədə valideynlər də maarifləndirilərək onlar da terapiyaya cəlb edilir, bəzi valideynlərə uşaqla məşğul olmaq üçün ev tapşırıqları verilir. Eyni zamanda xəstəxanalara müraciət edən valideynlərə ümumi maarifləndirici təlimlər də keçirilir.

22.09.2022-ci il tarixinə olan məlumata görə psixoloqların fəaliyyət göstərdiyi tibb müəssisələrinin cədvəli

 

Tibb müəssisəsi

Ünvan

Abşeron Rayon Mərkəzi Xəstəxanası

Bakı-Quba avtomobil yolunun şimal-şərqi, 8-ci kilometr

Ağdam Rayon Mərkəzi Xəstəxanası

Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsi

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 762

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi 190

Bərdə Rayon Mərkəzi Xəstəxanası

Bərdə şəhəri, Bakı küçəsi 6

Bərdə Müalicə Diaqnostika Mərkəzi

Bərdə şəhəri, N.Nərimanov küçəsi 12

Binəqədi Tibb Mərkəzi (6№-li BŞX)

Bakı şəhəri, Arif Hüseynov küçəsi 195

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası

Biləsuvar rayonu, 3 saylı qəsəbə

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 118

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

Bakı şəhəri, Xətai prospekti 9

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

Bakı şəhəri, Məmmədəli Şərifli küçəsi 161

Gəncə şəhər Birləşmiş Xəstəxanası

Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 412

Xəzər Tibb Mərkəzi (26 №-li BŞX)

Bakı şəhəri, Ramin Qasımov küçəsi 6

İmişli Rayon Mərkəzi Xəstəxanası

İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsi 92

Kürdəmir Rayon Mərkəzi Xəstəxanası

Kürdəmir şəhəri, Xanımsoltan İslamzadə küçəsi 12

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

Bakı şəhəri, Bəsti Bağırova küçəsi 17

Quba Rayon Mərkəzi Xəstəxanası

Quba şəhəri, Fətəli xan küçəsi 42

Lənkəran Rayon Mərkəzi Xəstəxanası

Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsi 67

Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Bakı şəhəri, Mirəli Qaşqay küçəsi 145

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 196

Nərimanov Tibb Mərkəzi

Bakı şəhəri, Fətəli xan Xoyski küçəsi 85

Nizami Tibb Mərkəzi

Bakı şəhəri, Yavər Səfərov küçəsi 10

Respublika Perinatal Mərkəzi

Bakı şəhəri, Yusif Səfərov küçəsi 22

Respublika Endokrinoloji Mərkəzi

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 112

Suraxanı Tibb Mərkəzi

Bakı şəhəri, Yeni Günəşli, A-B yaşayış massivi 355

Sabunçu Tibb Mərkəzi (3 №-li ŞKX)

Bakı şəhəri, Əsildar Məmmədəliyev küçəsi 20

Sumqayıt Tibb Mərkəzi (1 nömrəli Ailə Sağlamlıq Mərkəzi)

Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 25a

Şirvan Müalicə Diaqnostika Mərkəzi

Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 99

Şirvan Rayon Mərkəzi Xəstəxanası

Şirvan şəhəri, Heydər Əliyev prospekti 16
 

Şamaxı Rayon Mərkəzi Xəstəxanası

Şamaxı şəhəri, Mövsüm Qədirli küçəsi

Şəki Rayon Mərkəzi Xəstəxanası

Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 177

Tibbi Reabilitasiya Mərkəzi

Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 11

V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 102a

Yevlax Rayon Mərkəzi Xəstəxanası

Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsi 105

Zaqatala Rayon Mərkəzi Xəstəxanası

Zaqatala şəhəri, Zərifə Əliyeva küçəsi


MANŞET XƏBƏRLƏRİ