Azərbaycan Ermənistana hansı sürprizi hazırlayır? – Tofiq Zülfüqarovun ŞƏRHİ


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra vacib mesajlar verdi. Onlardan biri də sərhədlərin delmitasiya və demarkasiyası ilə bağlı idi.
Ölkə başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq:
"Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər".
Bununla da Azərbaycan Prezidenti aydın şəkildə bildirdi ki, ermənilərin son təxribatına cavab verərkən Azərbaycan ordusu Ermənistan ərazisinə girməyib. Ordu birləşmələrimiz faktiki Azərbaycan torpağı olan, lakin uzun illər ermənilərin istismar etdiyi ərazilərdə möhkəmlənib.
Nəzərə alaq ki, 10 noyabr bəyannaməsində vacib şərtlərdən biri də sərhədlərin delmitasiya və demarkasiya məsələsidir. Keçən iki ilə yaxın bir müddətdə bu sahədə Ermənistanın günahı üzündən heç bir hərəkətlilik yoxdur. Əksinə sərhədboyu ərazilərdə davamlı şəkildə təxribatlar törədilir.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tofiq Zülfüqarov Ermənistanın əsas məqsədinin danışıqlar prosesini gecikdirmək olduğunu bildirdi:
"Ermənistan fakt qarşısında qalıb. Zor-xoş Azərbaycanla sülh sazişi bağlanılacaq və sərhədlərin delimitasiyası və demarkasiyası aparılacaq. Amma davamlı təxribatlar törətməklə rəsmi İrəvan vaxt udmaq, danışıqlar prosesindən yayınmaq istəyir".
Tofiq Zülfüqarov onu da əlavə etdi ki, Ermənistan bir həqiqəti unudur ki, ötən hər gün onların əleyhinə işləyir:
"Ən əsası törətdikləri istənilən təxribatın çox ağır bədəlini ödəmək zorunda qalırlar. Necə ki, sentyabrın 12-də və 13-də biz bunu gördük. Azərbaycan Prezidentinin dünənki bəyanatı da Ermənistan hakimiyyətinə və onların havadarlarına növbəti xəbərdarlıq idi.
Təxribatlarla danışıqlardan yayınmaq istəyən Ermənistan hər bir təxribatına görə Azərbaycan tərəfindən cəzalandırılacaq. Prezident İlham Əliyev də bunu dünən bir daha bəyan etdi. Ona görə də indi top Ermənistandadır. Onlar ya qısa zamanda Azərbaycanla sülh sazişini imzalayacaq, ya da ki, növbəti zərbəni alacaqlar".


MANŞET XƏBƏRLƏRİ