Dollar yerini daha da möhkəmlətdi: "Manat üçün qorxu..."


ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb.

Bununla da, uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb. Qeyd edək ki, birjaların böyük hissəsi bu iclasda FED-in 75 baza bəndi artıracağını gözləyirdi. FED bununla da, il ərzindəki 6 iclasın ard-arda beşində uçot dərəcəsini artırıb. Qeyd edək ki, baş verən proses valyutalara öz təsirini göstərib. Məsələn, Türkiyə birjalarında dollar və avro bahalaşıb. Dolların məzənnəsi 0.17 faiz bahalaşaraq 18.35 lirəyə çatıb. Avro isə 0.32 faiz bahalaşıb. Hazırda 1 avro 18.08 lirəyə təklif olunur.

Mövcud qərar Azərbaycan bazarına necə təsir edəcək?

İqtsadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, manat "üzən məzənnə" rejimində deyil:

"Uçot dərəcəsinin artırılması dolların vəziyyətinin möhkəmlənməsinə gətirir. Dünənki birjalarda artıq dollar bir çox aparıcı valyutalara- funt-sterlinqə, avroya qarşı mövqeləri daha da möhkəmləndirmişdi. Xüsusilə də dolların avroya qarşı möhkəmlənməsi baxdıqda görürük ki, son 20 ildə belə bir göstərici olmayıb. Hazırda avro çox ucuzlaşıb. Beləliklə, uçot dərəcəsinin artırılması dolların dünya bazarlarında möhkəmlənməsinə gətirib".

Ekspert deyib ki, ancaq Azərbaycanda manat dollara bağlılığında "üzən məzənnə" rejimində fəaliyyət göstərmir:

"Bizim manat dayanıqlığını qoruyur və yuvarlaq olaraq 1,70 səviyyəsindədir. Ancaq avroya, funt-sterlinqə qarşı manatın arada möhkəmlənməsi prosesi gedir. Ümumiyyətlə götürdükdə, Azərbaycan manatının mövqeyi, makroiqtisadi göstəricilər, idxal-ixrac əməliyyatları arasındakı müsbət saldo və digərləri arasında büdcə xərclərində neftin qiyməti indiki qiymətə diversifikasiya olunmuş nisbətdə götürüldüyü üçün manatın ucuzlaşması ilə bağlı hər hansı qorxu yoxdur".

Ekspertin fikrincə, ümumiyyətlə, FED siyasəti haqqında proqnoz vermək mümkün deyil:

"Verilən proqnozlar heç də hansısa bir sahənin mütəxəssisinin bu siyasəti dərindən bildiyindən irəli gəlmir. Bu proqnozlar ondan irəli gəlir ki, FED aparatı vaxtaşırı açıqlamalar verir və bunun əsasında siyasət formalaşır. FED tarixində kifayət qədər dövr olub ki, verdikləri açıqlamaların əksinə siyasət yürüdüblər. Bu baxımdan, bundan sonra proqnoz vermək çətindir. Ancaq bu günə qədər açıqlamalarına uyğun hərəkət ediblər".


MANŞET XƏBƏRLƏRİ