Acıq edib sərnişinləri yolda qoyan sürücü işdən kənarlaşdırıldı – Şirkətdən AÇIQLAMA


"Bu gün saat 08:20 radələrində Xırdalandan Bakı istiqamətinə sərnişindaşıma xidməti göstərən 119 saylı müntəzəm marşrut xəttində baş vermiş hadisə ilə bağlı araşdırma aparılır".

Bunu açıqlayan marşrut xəttinin sahibi "Xaliqoğlu" MMC-nin mətbuat katibi Nizam Rzayev bildirdi ki, sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlu işdən müvəqqəti kənarlaşdırılıb və onun izahatı alınıb.

Onun sözlərinə görə, həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb:

"Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü bunun mümkün olmadığını bildirəndə bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Həmin an sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən 10 dəqiqə sonra sürücü sərnişinləri sonuncu məntəqəyədək gətirib".

Mətbuat katibi sonda bildirdi ki, hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ