Əvəzçıxma "eşq"i ilə yaşayan Ermənistana 13 sentyabr dərsi


Əkbər QOŞALI

Ermənistanın Azərbaycan Respublikası ilə sınırın Laçın, Kəlbəcər və Zəngilan yönündə qurduğu BÜTÜN hərbi təyinatlı obyektlər darmadağın edilib! - Onlar müdafiə qüvvələrimizin, azad edilmiş ərazilərdə dinc bərpa-quruculuq işləri aparan inşaatçılarımızın, (ümumən Azərbaycan Respublikasının!) təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Dağıdılmış hərbi obyektləri bərpa etmək üçün Ermınistana ən azı 4-5 il vaxt gərəkdir. Bəs çökən iqtisadiyyat, fərari yetişdirməyə yarayan ordu, didişən toplum, ruhsuz əhali və iki fərqli stulda (eyni vaxtda) oturmağa çalışan hakimiyyətlə Ermənistan 4-5 ili bərpaya səfərbər ola biləcəkmi?Azərbaycan Silahlı Qüvvələri həmin bölgədə BÜTÜN nəqliyyat- kommunikasiya sistemini, ÇOX ÖNƏMLİ yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək!

Ermənistanın xeyli sayda hərbi texnikası, iki (uzaqmənzilli) S-300 zenit-raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və ONLARLA POSTU məhv edildi! Ermənistanda yüzlərlə yaralı var ki, artıq onların bir çoxu xidmətə yaramayacaq. Üstəlik, teleqram kanallarında əsir götürülmüş erməni diversantlar barədə görüntülər paylaşılmaqdadır.

Yəni Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Burada hərbi itkilərlə yanaşı, Ermənistanın əvəzçıxma ümidlərinin itirilməsi kimi çox önəmli amil də var.

Şanlı Ordumuz Ermənistanın hərbi bölmələrimizə, ümumən ölkəmizə qarşı ardıcıl təxribatların hansı acı sonuclara gətirib çıxaracağını bir daha göstərdi.

Necə deyərlər, dost da gördü, düşmən də. O cümlədən, Xocalıda, Xankəndində, Əsgəranda... məskunlaşdırılmış, sülhəgəlməz, haqtanımaz separatçılar da gordü görəcəyini...

Sirr deyil ki, son zamanlar Ermənistan ciddi cəhdlə yeni hərbi əməliyyatlara - hücuma hazırlaşırdı. Həm Qarabağ iqtisadi rayonunda, həm də sınır xəttində təxribatların sayı artmışdı. Azərbaycan Silahlı Qüvvələri məhz Ermənəstanın ərazisində (toplam 7 saat davam edən) unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi! Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz! Başa düşəcəkmi? Başa düşəcəksə, demək, Dəmir Yumruq xəstə qafaları nəhayət tədavi edib; başa düşməyəcəksə, Dəmir Yumruq yerindədir və boş başlara yenə enəcək: bu dəfə daha ağır, daha sarsıdıcı!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ