Azərbaycanın gənc alimi Türkiyə Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçildi


Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə Azərbaycanın tanınmış gənc araşdırmaçı alimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrab qızı Əfəndiyeva "Türk dünyasına müstəsna xidmətlərinə, çoxşaxəli tədqiqat və tərcüməçilik fəaliyyətinə görə elm və ədəbiyyat müstəvisində Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə görə "Fəxri doktor" adına layiq görülüb.

Turkustan.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, Xəyalə Zərrabqızı Akademiyanın fəxri doktorluq diplomu, "Atatürk" ödülü və "Uluslararası Altın Madalya" ("Beynəlxalq qızıl ulduz") medalı ilə təltif edilib. O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Elmi Şurasının qərarı ilə türk dünyası qarşısındakı mühüm xidmətlərinə, Türkiyə-Azərbaycan elmi-mədəni-ədəbi əlaqələrinin genişləndirilməsi istiqamətində məhsuldar çalışmaları, təqdirəlayiq əməyi, dəyərli töhfələrinə görə mükafatlandırılıb.

Qeyd edək ki, bu, cari il ərzində gənc alimin Türkiyə elmi mühiti tərəfindən "Türk dünyasına üstün hizmətlərinə görə" təltif olunduğu üçüncü fəxri mükafatdır. Ötən ilin noyabrında İstanbul Universitetində iki kitabının təqdimatı, yanvarda Türkiyə Yazarlar Birliyi (Sakarya) tərəfindən imza günü düzənlənən Xəyalə Zərrabqızı həm də ədəbiyyatşünaslığın mogikanlarından olan mərhum professor Ahmet Kabaklının "Türk ədəbiyyatı" kimi 5 cildlik (4500 səhifəlik) irihəcmli tədqiqat əsərini, professor Şərif Aktaş, professor Camal Kurnaz, professor Yağmur Tunalı, professor Nurullah Çətin, professor Ramazan Aydemir, professor Mesut Şenin çağdaş Azərbaycan ədəbiyyatşünaslığı üçün xüsusi əhəmiyyət kəsb edən monumental elmi əsərlərini ana türkcəmizə yüksək peşəkarlıqla, müəlliflərin dil və üslubi özünəməxsusluğunu qorumaqla, professional şəkildə çevirmişdir.

Gənc alimin imzasına respublikamızın hüdudlarından kənarda, ölkə xaricində 50-dən çox nüfuzlu dərgi və almanaxda, eləcə də gündəlik dövri mətbuatda, qəzet, ədəbi dərgi və jurnallarda tez-tez rast gəlirik. Elmi araşdırmaları, publisistik yazıları, bədii yaradıcılığı və esseistikası ilə ədəbi mühitin, geniş oxucu auditoriyasının dərin rəğbətini və sevgisini qazanmış X.Zərrabqızı xarici tələbələr üçün hazırladığı "Azərbaycan ədəbiyyatı" ali məktəblər üçün dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Elmi Şurasının qərarı ilə (iki dəfə təkrar nəşr) çap olunub.

Xatırladaq ki, ali təhsilin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirdikdən sonra magistratura və doktorantura pillələrini (dövlət sifarişi ilə) uğurla başa vuran Xəyalə Zərrabqızı böyük zəhmətkeşliyi sayəsində gənc yaşda əldə etdiyi müvəffəqiyyətlərə görə bu tədris ilində həm də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "ən gənc araşdırmaçı alim" nominasiyası üzrə "Gənclər mükafatı"na və Prezident təqaüdünə layiq görülmüşdü.

Ədəbiyyatımızın fədakar təəssübkeşini ürəkdən təbrik edir, yorulmaz fəaliyyətində başarılar arzulayırıq!


MANŞET XƏBƏRLƏRİ