"Qələbəni ordumuza və şəhidlərə həsr edirik" - Qurban Qurbanov


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə "Nant"a qalib gəldikləri matç barədə danışıb.

Turkustan.azxəbər verir ki, baş məşqçi görüşdən sonra "CBC Sport"a açıqlamasında qələbəni ordumuza və şəhidlərimizə həsr etdiklərini deyib.

"Oyun haqqında çox danışmaq olar. Çünki fərqli hissələr oldu. Bizim üçün çox vacib idi ki, ilk hissədə intizamlı oynayaq. Rəqibin yaxşı hücumları var idi. Ehtiyyatlı olmalı idik. Çünki rəqibin bacarıqlı oyunçuları vardı. Onlar ustalıqlarından istifadə edirdilər. Hər halda çox maraqlı bir qələbə oldu. Çünki belə böyük komandaya 3:0 hesabı ilə qalib gəlmək azarkeşləri həvəsləndirir. Hamını təbrik edirəm. İkinci hissədə sürəti artırmaq istəyirdik. Ramil oyuna sonradan çıxanda aktiv olur. Buna ehtiyac var idi. 2-ci hissədə sürətin artması vacib idi. Ona görə də ikinci hissədə Ozobiçlə Ramili əvəzlədik. Qələbəni ordumuza və şəhidlərimizə həsr edirik. Günorta saatlarında çox üzüldük. Daha 21 şəhidimiz olduğu barədə xəbər aldıq. Bəlkə də bu, oyunda da hiss olunurdu. Hamı qalib gəlmək istəyirdi. Hamı qorxurdu ki, birdən səhv edərik. Allah ordumuzu qorusun", - Qurban Qurbanov vurğulayıb.

Qeyd edək ki, bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb. G qrupunda yer alan komandamız Fransanın "Nant" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ