İlanın başını əzmək lazımdır!


Seymur VERDİZADƏ

Ermənilər öz xain xislətlərinə sadiq qalaraq yenə silaha əl atdılar. Başlarının üstündə günəş doğmadan Azərbaycan Ordusu başlarına od ələdi. Düşmən cavabını on qat artıqlaması ilə alacaq.

İki ay əvvəl də yazmışdım: Özgəsinin torpağına göz dikmək, yediyi qaba tüpürmək ermənilərin qanındadır. Sırf bu üzdən yüz illər boyu qanları axıb. Dünya binə olandan belədir: satqınlığın cəzası həmişə ağır olur...

Aradan cəmi 2 il keçib. Paşinyanın quyruğu qapı arasında qalan küçük kimi zingildəyə-zingildəyə böyük dövlətlərin başçılarına yalvardığı tarixdən danışıram. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu bu nankor qonşularımıza layiq olduqları cəzanı verə bildi. Başlarına dəyən "dəmir yumruq"dan sonra hansı fəlakətlə üz-üzə qaldıqlarını dərk etdilər. Atəşin dayandırılması ermənilər üçün hava və su kimi vacib idi. Minnətçi düşməyən dövlət, xahiş eləməyən prezident qalmadı. Həmişə sülh və ədalətin tərəfdarı olan, uzun illərdən bəri regionda barışın, təhlükəsizliyin qarantı kimi çıxış edən Azərbaycan dövləti çağırışları qulaqardına vurmadı. İndi üstümüzə xoruzlanan Paşinyan gecə saat 3-də zirzəmidə kapitulyasiya aktını imzaladı.

Yazdıq axı, bunlar ermənidir. Bunlar quyruqları qapı arasında qalanda çubuş kimi sənə yaltaqlanır, bir balaca dirçələn kimi yenə öz xislətlərini göstərirlər. Silahlar susandan, Paşinyan siyasi rəqiblərini sıradan çıxarandan sonra yenə buynuz göstərməyə başladılar. İki ildir ikibaşlı sözlər danışır, yalan vədlərlə erməni cəmiyyətini aldatmağa çalışırlar. Sanki 2 il əvvəl zirzəmidə kapitulyasiya aktını imzalayan, telefon zəngləri ilə Putinin, Makronun zəhləsini tökən bunlar deyildi. Amma o günləri çox tez unutdular. Əslində, bunun belə olacağını bilirdik. Erməninin zatına bələdik...

Dünən gecə sərhəddə yenə təxribat oldu. Ermənistan silahlı qüvvələri Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində ordumuzun bölmələrinə hücum etdi. Hələlik informasiya qıtdır. Biz ancaq rəsmi məlumatlara etibar edə bilərik. Həm rəsmi, həm də qeyri-rəsmi məlumatların təhlili göstərir ki, igid əsgər və zabitlərimiz Nikolun anasını ağladıblar.

Dünən gecədən yenə Azərbaycan xalqı ayaqdadır. Yenə 10 milyon insanın ürəyi eyni anda döyünür. Açıq yazıram, hətta biz jurnalistlərin də cəbhədə baş verənlərlə bağlı dolğun məlumatı yoxdur. Bildiyimiz bircə şey var: İlan yenə baş qaldırıb.

İlanın başını əzmək lazımdır!

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ