Sabir Rüstəmxanlı: "Əzizim Rüstəm, sən senzurasız dahisən"


Bu gün çağdaş poeziyamızın ünlü ismlərindən olan şair Rüstəm Behrudinin 65 yaşı tamam olur.

"İllər öncə Naxçıvandan gəlmiş 22 yaşlı Rüstəm Behrudi, əlində bir dəstə şeir, "Yazıçı" nəşriyyatında mənim qapımı döymüş, şeirləri haqında rəyimi öyrənmək istəmişdi. Oxuduğum ilk şeirindən onun şəksiz və parlaq istedadını, sözünün kəsərini, ruhunun mənə doğmalığını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir- dua vermişdim."

Bu sözləri Rüstəm Behrudi haqqında fikirlərini bölüşərkən Xalq şairi Sabir Rüstəmxanlı deyir. Daha sonra əlavə edir:

"Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, yaxın dostuma, sirdaşıma, mübarizə yoldaşıma çevrildi. Qardaşlarımla da dostlaşdı, Yardımlıdakı ocağımıza getdi, bu ocaqda həmişə qonaq kimi yox, övladlardan biri kimi qarşılandı.

İndi Rüstəm Behrudi şöhrəti Azərbaycanın sərhədlərini adlamış, şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyankarlığı ilə oxucularən sevgisini qazanmış, görkəmli qələm sahibi, böyük sözün və böyük türk ruhunun daşıyıcısı, milli- mənəvi varlığımızın keşiyində dayanan əsgərlərdən biridir.

Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş, o gənc oğlan, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən!"


MANŞET XƏBƏRLƏRİ