Əkrəm Əylisli: "Rüstəm Behrudi qeyd-şərtsiz Xalq şairi fəxri adına layiqdir"


"Mən Rüstəm Behrudini qırx ilə yaxındır ki, tanıyıram. Bizim onunla görüşümüz çox qəribə bir şəraitdə baş verib. Biz Rüstəmlə qonşu kənddə yaşayırdıq. Həmin vaxt kənddə toy var idi. Rüstəm Behrudi ilə elə həmin toy məclisində tanış olduq".

Turkustan.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli deyib.

Yazıçı bildirib ki, elə o vaxtdan Rüstəm Behrudi onun yadında istiqanlı bir insan kimi qalıb:

"Sonra şeirləri ilə tanış oldum. Gördüm ki, çox istedadlıdır. Onunla bağlı xatirələrimiz çoxdur. Yadıma gəlir, bir dəfə rəhmətlik Əbülfəz Elçibəylə bulvarda gəzişirdilər. Üz-üzə gəldim, görüşdük.Yağışlı havada "Qaragilə" mahnısı da oxuduq. Elə oldu ki, bir məkanda əyləşəsi olduq. Rüstəmin şeirləri ilə birinci dəfə bax, orada tanışlığım başladı. Əbülfəz bəy dedi ki, Rüstəm bir neçə şeir oxusun, dinləyək. Açığını deyim ki, o vaxta qədər onun yaradıcılığı ilə tanış deyildim. Həmin görüşdən sonra mütəmadi olaraq Rüstəmin Behrudinin şeirlərini maraqla izləmişəm. Yeri gəlmişkən onu da deyim ki, o məndən çox etibarlıdır. İndiki vaxta ondan etibarlı adam tapmaq çətindi. Ən pis vaxtlarımda belə heç vaxt məni yadından çıxartmadı. Bu məqamda bir nüansı da qeyd edim. Düşünürəm ki, Rüstəm Behrudi qeyd-şərtsiz Xalq şairi fəxri adına layiqdir. Bu, onun haqqıdır".

Qeyd edək ki, sabah türk dünyasının tanınmış şairi Rüstəm Behrudinin 65 yaşı tamam olur.

Tural Turan


MANŞET XƏBƏRLƏRİ