"Bu sərəncam, böyük qayıdışın daha tez olacağının müjdəsdir" - Aqil Məmmədov


Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.

Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Kəlbəcər şəhərində məktəb tikintisi haqqında Sərəncamının rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandığını bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan digər ərazilər kimi Kəlbəcər rayonunda da həyati əhəmiyyətli infrastruktur işləri həyata keçirilir. Bu sırada, məktəb tikintisi haqqında sərəncam verilməsi, artıq böyük qayıdış üçün yeni mərhələyə başlanmasından xəbər verir: "Hazırda, Kəlbəcər rayonu ərazisində bir sıra sosial obyektlər, davamlı enerji təminatı, yol və sairə, sahəsində intensiv işlər həyata keçirilir. Cənab Prezidentin Kəlbəcər şəhərində məktəb tikintisi haqqında sərəncamı isə artıq, qayıdışın gözləniləndən daha tez müddətdə baş verəcəyini göstərir. Məktəb tikilirsə, demək, çox da uzaq olmayan zamanda, o məktəbdə uşaqlar oxuyacaq, müəllimlər dərs verəcək. Bu baxımdan, demək olar ki, Kəlbəcərdə sosial həyatla yanaşı, təhsil həyatının da yenidən başlayacağı vaxt uzaqda deyil. Bu sərəncam, böyük qayıdışın müjdəçisidir".

Millət vəkili bildirib ki, Kəlbəcərdə tikiləcək məktəbdə işləmək istəyən müəllimlər çoxdur: "Biz onlarla görüşlərdə bu arzuları eşidirik. Bu gün bölgədə aparılan sürətli işlər deməyə əsas verir ki, müəllimlərimizin arzuları da daha tez gerçəkləşəcək. Çünki, bu arzuları gerçəyə çevirən ölkə başçısının iradəsi və qəbul olunmuş proqramlar var".


MANŞET XƏBƏRLƏRİ