Kabinetdə nəşələnmək...


Seymur VERDİZADƏ

İndi dəqiq bilmirəm, amma bir neçə il əvvəl Azərbaycan seksual aclığın tüğyan elədiyi ölkələrin siyahısında yer alırdı.

Bir çox əyləncə mərkəzləri sevgililərin üzünə bağlı idi. Otellər seksual tələbatını ödəmək istəyən cütlüklərdən nikah şəhadətnaməsi tələb edirdi. Yeddi-səkkiz il əvvəl Qubada cavan oğlanın elə həmyaşıdı olan otel əməkdaşıyla mübahisə etdiyinin şahidi olmuşdum. Oğlan ondan nikah şəhadətnaməsi istəyən əməkdaşa belə deyirdi: "Arvadım olsaydı, burda nə işim vardı? Öz xarabamda oturardım..."

Bu həmin illər idi ki, parkda sevgilisinin əllərini sığallayan gənc başını qaldıranda mütləq qəzəbli serjantın baxışlarıyla qarşılaşırdı...

Gənc, kasıb oğlanların ucuz kafe və restoranlarda qorxa-qorxa sevişdiyi həmin vaxt dövlətin çətiri altında olan adamlar daha asan çıxış yolu tapıblar. Onlar seksual ehtiyaclarını ödəmək üçün özlərinə əziyyət verib uzağa getməyiblər. Çoxu elə öz kabinetində, dövlətin pulu ilə alınan yumşaq divanların üstündə istirahətini təşkil edib. Biz FHN polkovniki Zaur Mirzəyevin timsalında buna əmin olduq. Təhlükəsiz məkan, isti və rahat kabinet. Tələsdirən yox, pul istəyən yox... Nə qədər acı və iyrənc olsa da, reallıqdır!

Son günlər isə gömrük əməkdaşlarıyla bağlı oxşar iddia yayılıb. KİV-in yazdığına görə, Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırov tabeliyində çalışan əməkdaşları narkoloji analizdən keçirib. Nəticədə Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb. Yeni sədr köhnə narkomanları dərhal işdən çıxarıb.

Maraqlısı bilirsiniz nədir? Dövlət Gömrük Komitəsi bu xəbərləri təkzib etməyib. Qurumdan mətbuata bu məzmunda açıqlama verilib: "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə və digər qanunvericilik aktlarına əsasən gömrük əməkdaşları mütəmadi olaraq tibbi müayinədən keçirilir və müvafiq tədbirlər görülür".

Siz cümlənin qəlizliyinə baxmayın, mənası budur: "Narkoman gömrük əməkdaşlarıyla bağlı yazılanlar doğrudur və biz lazımi ölçü götürmüşük".

DGK tez-tez külli miqdarda narkotik maddənin müsadirə edildiyinə dair məlumat yayır. Həmişə məni bir sual düşündürüb: Müsadirə olunan narkotik maddələr hara gedir?

Nəhayət, bu suala cavab tapdım: Sən demə, gömrükçü yoldaşlar öz kabinetlərində məhsulu "testdən keçirib" bala-bala xumarlanırmışlar...

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ