Minlərlə insanın həyatına son qoyan faciə: Kreml bu hadisəni niyə gizlədib? - FAKTLAR


Sovet dövründə insan ölümləri, xüsusilə də kütləvi insan ölümləri ilə nəticələnən təbii fəlakətlər, texnogen qəzalar, həmçinin təyyarə, gəmi, qatar qəzaları, yanğınlar və bu kimi hadisələr ictimaiyyətdən maksimum dərəcədə gizli saxlanılıb. Ən yaxşı halda mərkəzi və yerli mətbuat hadisə ilə bağlı bir neçə cümləlik informasiya dərc edib. Bu informasiyalarda "araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək" ifadəsi ilə media nümayəndələri də öz işlərini bitmiş hesab ediblər. Hətta 26 aprel 1986-cı ildə baş verən, dünya tarixində ən dəhşətli nüvə fəlakətlərindən biri sayılan Çernobıl qəzasını da Kreml rəsmiləri gizli saxlamağa çalışıblar.

Turkustan.az -ın musavat.com-a istinadən məlumatına görə, bu cür kütləvi insan ölümü ilə nəticələnən hadisələrdən biri də 5 noyabr 1952-ci ildə Saxalin vilayətinin Severo-Kurilsk şəhərində baş verib. Həmin gün gecə saatlarında, 4-5 radələrində 7 bal gücündə baş verən zəlzələ şəhəri və ətraf ərazilərdəki qəsəbələri o dərəcədə silkələyib ki, yuxuda olan şəhər sakinləri özlərini bir göz qırpımında küçələrə atıblar. Təxminən 10-15 dəqiqə ərzində daha bir neçə dəfə yeraltı təkanlar baş verib. Bundan sonra sakinlər sakitləşərək evlərinə dağılışıblar. Heç kim ağlına belə gətirməyib ki, fəlakət hələ qarşıdadır.

331824

Zəlzələ öz arxasınca əraziyə böyük sunami gətirib. Sakit okeanından qalxan güclü və davamlı dalğalar birbaşa Severo-Kurilsk şəhərini və ətraf qəsəbələri tutub. Dalğalar o dərəcədə sürətli, güclü və dağıdıcı olub ki, şəhər sakinləri evlərindən çölə çıxmağa belə macal tapa bilməyiblər. Dalğaların hündürlüyü 12-15 metrə çatıb. Birinci dalğadan sonra dağılmış evlərdən çıxan sakinlər okeanın əks tərəfinə üz tutmaqla özlərini xilas etməyə çalışıblar. 20-30 dəqiqədən sonra onlar dalğaların sakitləşdiyini düşünüb dağıntılar altında qalmış evlərindən lazımi əşyalarını çıxartmaq üçün geri qayıdıblar. Bu məqamda ikinci güclü dalğa yüzlərlə insanın həyatına son qoyub. Üçüncü dalğa isə şəhəri yerlə-yeksan edərək əsl xarabaya çevirib.

Sunaminin fasadlarını aradan qaldırmaq üçün əraziyə hərbçilər göndərilib. Məhz hərbçilərin köməyi ilə yaralılar ərazidən çıxarılıb və sağ qalanlar isə təxliyə edilib.

Şəhərdəki tikililər əsasən bir mərtəbəli taxta evlər olduğundan dalğalar onları özləri ilə Sakit okeanına "sürüyüblər".

331823

Hadisə ilə bağlı Moskvaya ilk məruzəni SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Saxalin vilayət idarəsinin rəisi podpolkovnik Smirnov məruzə edib. O, öz məruzəsində aşağıdakı faktları qeyd edib:

"Hadisə nəticəsində 6 min əhalisi olan Severo-Kurilsk şəhərində 2336 nəfər həlak olub. Bu rəqəmə xilasedicilər və hərbçilər arasında həlak olanlar aid deyil. Şəhərdə yerləşən bütün evlər, dövlət obyektləri, təsərrüfatlar tamamilə sıradan çıxıb. Dağıntılar dəyən maddi ziyanı hesablamağa hələ ki imkan vermir. Hazırda xilasetmə işləri davam etdirilir. Bizə təcili kömək, əlavə hərbi qüvvə və həkim briqadaları lazımdır... "

Hadisə ilə bağlı İosif Stalinə məruzə edilib. Həmin ərəfədə Stalinin də səhhətində ciddi problemlər olub. Hadisəni Stalinə bağ evində SSRİ dövlət təhlükəsizliyi naziri Semyon İqnatyev məruzə edib. Stalin onu diqqətlə dinlədikdən sonra narazı tərzdə cavab verib:

İndi biz nə etməliyik? Qırmızı ordunu Saxalinə göndərməliyik? Mənim adımdan Çeplakova (Saxalin vilayət Partiya Komitəsinin birinci katibi Pyotr Çeplakovu nəzərdə tutub) çatdırın ki, bütün məsələlər vilayətin daxili imkanları hesabına həll olunmadır. Mətbuata isə geniş açıqlamalar verməyə ehtiyac yoxdur. İnsanları panikaya salmayın .

Qeyd edək ki, 1906-cı ildə Bakıda anadan olan Çeplakov 1938-1944-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində işləyib.

İqnatyev Stalinin göstərişini Çeplakova çatdırıb. Şəhərə dəyən ümumi ziyanın məbləği 285 milyon rubl hesablanıb. Sağ qalan sakinlər əsasən Saxalinə köçürülüb. Vilayət büdcəsindən onlara pul yardımları və tikinti materialları verilib. Yeni təsərrüfatlar yaratmaq üçün güzəştli şərtlər təklif olunub. Severo-Kurilsk şəhərini bərpa etmək isə vilayət büdcəsinin imkanı daxilində olmayıb.

331822

Sonralar Stalinin vəfatından sonra Xruşşovun hakimiyyəti dövründə şəhərin bərpa olunması üçün SSRİ Nazirlər Soveti xüsusi proqram hazırlayıb və büdcədən vəsait ayırıb. Amma Severo-Kurilskini əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayıb. Əhalinin sayı yarıya qədər azalıb. Şəhərin ən iri müəssisəsi sayılan Balıq Sənayesi Tresti isə bütün müəssisələri ilə birgə ləğv edilib.

İlk rəsmi arayışlarda hadisə zamanı ölənlərin sayı 2336 göstərilsə də, 1956-cı ildə aparılan araşdırmalarda bu rəqəm 5 mindən artıq göstərilib. Belə ki, əvvəlki rəqəmdə ərazidə dislokasiya olunan hərbi hissənin qulluqçuları və 1000-dən artıq işçisi olan Balıq Sənayesi Trestinin adları qeyd olunmayıb. Hansı ki, onların arasında da saysız hesabsız insanları sunami Sakit okeanına atıb. Onlar Saxlin vilayətində qeydiyyatda olmadığından həlak olanların siyahısına düşməyiblər.

331821

Ən maraqlı məqam isə odur ki, minlərlə insanın həyatına son qoyan hadisə ilə bağlı "Pravda", "İzvestiya" və digər qəzetlər bir sətir də olsa yazmayıb. Hadisə yerindən çəkilən şəkillər isə sonra yerli sakinlərdən əldə edilib. Severo-Kurilsk faciəsi haqqında əsl həqiqətlər ictimaiyyətə çox-çox sonralar, 1990-cı illərdə çatdırılıb.


MANŞET XƏBƏRLƏRİ