"Beşinci kolon" deyəndə hamı üzünü şimala yox, cənuba tutmalıdır" - deputat İranın casuslarından DANIŞDI


"Bu gün Azərbaycanda ən böyük problemlərdən biri dini məsələlər ətrafında baş verən hadisələrdir".

Turkustan.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat təklif edib ki, bu təhlükəni görməyimiz vacibdir: "Bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycanda "Beşinci kolon" deyilən məsələdə hamı üzünü şimala tutur. Amma hamı üzünü cənuba tutmalıdır. Bununla bağlı nəzarət edən qurumların səlahiyyətləri artırılmalıdır.

O bildirib ki, Azərbaycanda İranın casus şəbəkəsi fəaliyyət göstərir.

"Bu, həm də səhiyyədə, təhsildə olan problemlərin, bəzi məmurların səriştəsizliyinin nəticəsidir. Təklif edirəm ki, Azərbaycanda din adı altında siyasət yürüdənlərlə bağlı qanunlara müddəalar əlavə edilsin", - deyə F.Mustafa əlavə edib.

Deputat qeyd edib ki, bəziləri çadra altına girərək Azərbaycana qarşı fəaliyyət göstərirlər.

İkincisi qadın ölümləri, məişət zorakılığı ilə bağlı qanuna yenidən baxılmalıdır. Qanunda cəzanın sərtləşdirilməsi, profilaktik tədbirlərin artırılması məsələsinə yer vermək lazımdır. Üçüncü məsələ sahibkarlıqla bağlı problemlərdir. Artıq demək olar Azərbaycanda rəqabət mühiti yoxdur. Bu gün sahibkarların hamısı gileylənir, narazıdır. Rəqabət Məcəlləsinə yenidən baxmalı və bunu qəbul etməliyik. Çox istəyərdim ki, büdcə müzakirələrində müxalifət partiyalarına imkan yaradılsın ki, büdcə ilə bağlı fikirlərini səsləndirə bilsinlər. Bütün müxalifət partiyalarının təmsilçilərinə büdcə ilə bağlı çıxış etmək imkanı yaradılmalıdır".

Spiker Sahibə Qafarova qeyd edib ki, həm büdcə, həm də hesabatların müzakirəsində siyasi partiyalara imkan yaradılıb. (APA)


MANŞET XƏBƏRLƏRİ