Bitki yağları niyə bu qədər BAHALAŞIR? - Ekspert ŞƏRHİ


Son günlər bəzi yağ məhsullarının qiymətlərində kəskin qiymət artımı müşahidə olunur. Bu artım özünü ölkədə istehsal olunan bitki yağlarının qiymətlərində daha çox göstərir. Xammalın əsas hissəsinin ölkəmizdə istehsal olunduğunu nəzərə alsaq, bahalaşmanın cəmiyyətdə müəyyən narahatlığın və bəzi sualların yaranmasına səbəb olduğunu görə bilərik.

Bəs buna səbəb nədir? Niyə yağ məhsullarının qiyməti bu qədər artır? Ümumiyyətlə, qiymət artımına getmək nə dərəcədə labüddür?

Bu sualları cavablandıran Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov Publika.az -a açıqlamasında ərzaq məhsullarının bir qisminin xammalının xaricdən idxal olunduğunu bildirdi:

"Yerli xammal da var, ancaq ölkədə istehsal olunan bitki yağları üçün xammalın bir qismi idxal olunur. Ərzağın qiymətindəki artım təkcə Azərbaycan üçün deyil, dünya üçün ciddi problemlərdən biridir. Bu yağların xammalında və istehsalında Rusiya regionda aparıcıdır. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda bu məhsula olan tələbatın ödənilməsində Rusiyadan idxalın rolu böyükdür. Baş verən artımlar və idxal inflyasiyası həm yerli aqrar məhsulların, həm də digər məhsulların istehlak qiymətlərinə də təsir edir. Son dövrlərdə Avropa İttifaqındakı qiymət artımları əvvəlki aylarla müqayisədə artaraq 9,1 faizə çatdı. Bu da onu göstərir ki, bahalaşma cari ilin növbəti aylarda da qaçılmaz olacaq və müəyyən çətinliklərə yol açacaq. İdxaldan asılılıq son nəticədə idxal inflyasiyasını yaradır. Regionda və dünyada müşahidə olunan qiymət artımları Azərbaycanın istehlak bazarına da təsir edir".

Bu günlərdə Publika.az-ın əməkdaşları böyük supermarketlərin birində 2 litrlik "Final" günəbaxan yağınının qiymət talonunda kəskin artımın olduğunu və guya qiymət endirimi edildiyini müşahidə ediblər. Fotodan da göründüyü kimi, talona əvvəlcə 11.89 manat yazılıb, sonra üstündən xətt çəkilib və yeni qiymət – 9.75 manat əlavə olunub. Bununla da həmin marketin rəhbərliyi guya qiymət endiriminə getdiyini göstərməyə çalışıb. Halbuki, 7-10 gün əvvəl həmin məhsulun qiyməti hər iki məbləğdən xeyli ucuz olub.

Hər bir supermarketin endirimlərlə bağlı daxili prossedur qaydalarının olduğunu deyən deputat bildirdi ki, rəsmi statistika istehlak bazarında ərzaq məhsullarının qiymətinin ümumi inflyasiyaya nisbətən daha yüksək olduğunu göstərir:

"Azərbaycanda ümumi inflaysiya səviyyəsi təxminən 13 faiz olsa da, qeyri-ərzaq məhsullarınn qiymət artımları 18 faizdən yüksəkdir. Bu artımlar da bitki yağlarının bahalaşması ilə müşahidə olunur. Rəsmi statistikaya da baxsaq, bitki yağlarının qiymətlərində cari ilin başa vurduğumuz aylarında da artımların olduğunu görərik".

Bu sahədəki artımları Azərbaycanın istehlak bazarındakı inhisarçılıqla bağlamaq olarmı?

Bazarda bəzi şirkətlərin istehsal etdiyi məhsullarının daha çox, bəzilərinin də az olduğunu söyləyən V.Bayramovun sözlərinə görə, şirkətlərin bazardakı payı antiinhisar baxımından ümumi bazar payının 1/3-dən çox olmamalıdır:

"Düşünürəm ki, bu istiqamətdə də müvafiq monitorinqlər aparılır. Artımların istehlak bazarına təsirini minimal həddə saxlamağın yeganə yolu, yerli məhsul və xammal istehsalının artırılmasıdır. Xüsusilə də ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi ilə qiymətlərin optimallaşdırılması mümkün ola bilər".


MANŞET XƏBƏRLƏRİ