Gürcüstanın Baş naziri Bakıdan İrəvana gedəcək


Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.

Qeyd edək ki, İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.

Baş nazir İ.Qaribaşvili qeyd edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra Ermənistana səfər edəcək: "Mən Bakıda çox hörmət etdiyim, yaxşı əlaqələrimizin olduğu Prezident İlham Əliyevlə görüşəcəm. Bizim ən başlıca məsələ olan qarşılıqlı etimadımız var. Ölkələr və liderlər arasında etimad olduğu zaman bütün məsələlər də aidiyyəti üzrə həllini tapır", - deyə Baş nazir qeyd edib.

İ.Qaribaşvili vurğulayıb ki, o, Gürcüstanın Ermənistan və Azərbaycan arasında bir neçə ay öncə başladılan etimad bərpası prosesinə faydalı töhfələr verməsini istəyir. Əlavə edib ki, 30 ildə ilk dəfə olaraq Gürcüstan ABŞ-ın da dəstəyi ilə Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə nail olunub və bu, uğurlu presedentdir.


MANŞET XƏBƏRLƏRİ