Ukrayna cəbhəsi: Krım uğrunda ölüm-dirim SAVAŞI


"ABŞ-ın və tərəfdaşlarının Ukraynaya verdiyi silahlar Rusiya ərazisində istifadə edilə bilməz. Lakin bu, müvəqqəti işğal olunmuş Krıma aid deyil".

Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Amerikanın səsi" radiosuna müsahibəsində belə deyib.

"Bizim ABŞ və tərəfdaşlarının bizə verdiyi silahlardan Rusiya Federasiyası ərazisində istifadə etməyəcəyinə dair müqaviləmiz var. Amma əgər bu gün söhbət Ukraynanın düşmənin yerləşdiyi müvəqqəti işğal olunmuş ərazilərinin işğaldan azad edilməsindən gedirsə, deməli, bizim belə məhdudiyyətimiz yoxdur" , - nazir bildirib.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak yaxın 2-3 ay ərzində Krımda yeni partlayışların baş verəcəyini açıqlayıb.

Cebhe.info- nun məlumatına görə, Podalyak "The Guardian"a müsahibəsində belə deyib.

O, Ukraynanın Krım körpüsünə qanuni hərbi hədəf kimi baxdığını da açıqlayıb.

" Bu, qeyri-qanuni tikinti və Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir" , - o deyib.

Podolyak "Rusiya qüvvələrində xaos yaratmaq" üçün Qərbdən 50-60-80 və ya daha çox yeni "MLRS" sistemləri istəyib.

Qeyd edilən açıqlamalar yaxın perspektivdə müharibənin Donbasdan və Xerson vilayətindən Krıma keçəcəyini deməyə əsas verir. Son vaxtlar Rusiyanın Krım yarımadasındakı hərbi bazalarında baş verən güclü partlayışlar artıq bu prosesin başlandığını göstərir. Rusiyanın Saki, Canköz, Qvardeyski rayonlarında yerləşən hərbi hava bazaları və silah anbarları məhv edilib. Avqustun 16-da Canközdə və Qvardeyski rayonunun Maysk qəsəbəsində törədilmiş partlayışlar zamanı Rusiya 24 ədəd döyüş təyyarəsi, "S-400 Triumf" zenit raket kompleksləri itirib.

Ukrayna Krımda dinc əhalini deyil, hərbi obyektləri hədəf aldığını bildirib. Bu baxımdan, növbəti partlayışın Sevostopoldakı hərbi dəniz bazası ola biləcəyi istisna edilmir. Ukrayna rəsmilərinin Krım yarımadası ilə Rusiyanı birləşdirən körpünü əsas silah təhcizat bazası hesab etməsi sözügedən infrastrukturun da zərbə obyekti olacağına işarədir.

Qeyd edək ki, Donbasdakı Rusiya ordusunun silah təhcizatının 60 faizi Krım körpüsü vasitəsilə yarmadanın ərazisinə, oradan isə Xerson, Melitopol və Mariupolu birləşdirən M14 yolu ilə Donbasa və Zaporojetsə daşınır. Ukraynanın son addımları da məhz bu təhcizatın qarşısını almağa yönəlib.

Dnepr çayı üzərindəki "Antonov", İnqulets çayı üzərində və Melitopoldakı dəmir yolu körpülərinin partladılması cənubdan gələn silah və zirehli texnikanın Donbasa daşınmasının qarşısını almağa hesablanıb. Son partlayışlar da Ukraynanın Krımdakı hərbi təhcizat bazalarının məhv edilməsi məqsədi daşıyır. Lakin görünür, Ukrayna Krım körpüsünü sıradan çıxartmaqla əsas ötürücü yolu kəsməyi qarşıya məqsəd qoyub.

Rusiyanın Krımla quru əlaqəsi olmadığından avtomobil və dəmir yolu ilə yeganə əlaqə adıçəkilən körpü vasitəsilə həyata keçirilir. Ona görə də Ukraynanın Krımı və digər əraziləri azad etmək üçün strateji əhəmiyyətə malik 17 kilometr uzunluğunda körpünü partladacağı gözləniləndir. Müdafiə naziri Reznikovun sözləri isə körpünün ABŞ-dan alınmış "HIMARS" yaylım atəşi sistemi ilə vurulacağına dair proqnozların reallığa yaxın olduğunu göstərir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna Krımı azad etmək üçün ilk növbədə, Xersonu azad etməlidir. Çünki Krıma yeganə quru yol Xersondan keçir.

Lakin politoloq hesab edir ki, Krımın Ukraynaya qaytarılması günün mövzusu deyil və çətin prosesdir:

"Rusiyaya qarşı psixoloji savaşın tərkib hissəsi kimi ukraynalı rəsmilər və generallar Krım körpüsünü hədəf götürəcəklərini deyirlər. Çünki qanunsuz tikilmiş Krım körpüsü Putinin köhnə layihəsi idi. İndi Ukrayna onun arzunu məhv etmək istəyir. Krım körpüsünün partladılması Vladimir Putinin imicinə ciddi zərbə vura bilər.

Bundan sonra yəqin ki, Rusiya Prezidenti də qisas almaq üçün öz ordusuna Ukraynadakı bütün yaşayış məntəqələrini bombalamağı əmr edəcək. Nəticədə, ölənlərin sayı artacaq. Yəqin ki, rəsmi Kiyev bunu nəzərə almamış deyil. Amma hər dəfə "Biz Krımı vura bilərik" deməklə Ukrayna tərəfi Putinin psixoloji durumuna təsir edir. Hesab edirəm ki, Krımın işğaldan azad olunması çətin olacaq. Doğrudur, bugünlərdə Rusiyanın hərbi hava limanı partladıldı. Hadisənin Ukrayna partizanları tərəfindən törədildiyi deyilir. Bundan sonra Ukrayna Prezidenti Zelenski Krımın reinteqrasiyası və işağldan azad olunması üzrə Məsləhət Şurası da yaratdı. Hətta Zeleski belə bir açıqlama verdi ki, müharibə Krımdan başlayıb və Krımda da bitəcək. Lakin Krım son hədəfdir.

Çünki bundan öncə görüləsi işlər var. Əsas məqsəd Rusiyanın Donbada irəliləməsinin qarşısını almaq, Xersonu azad etmək, Zaparojets Atom Elektrik Stansiyası ətrafında yaranmış təhlükəni aradan qaldırmaqdır. Bunlar həll olunarsa, Ukrayna Krımı azad etməyə çalışacaq. Rusiya da Krımı saxlamaq üçün ölüm-dirim savaşına girəcək. Rusiyanın Krımdan asanlıqla geri çəkiləcəyini düşünmürəm. Bunu Ukrayna tərəfi də anlayır. Hazırda əsas məqsəd Putinə psixoloji təzyiq göstərməkdir".

Qeyd edək ki, son illər Rusiya cəmiyyətində Krımın əbədi olaraq Ukraynadan alındığı və bir daha qaytarılmayacağına dair rəy formalaşıb. Lakin baş verən partlayışlardan sonra yarımadanı kütləvi tərk edən ruslar Krımın alınmaz qala olmadığını dərk etməyə başlayıb:

"Krımın Rusiyanın alınmaz qalası olması barədə mif dağıldı. Krıma zərbələr endirilməsi, rusların, tursitlərin qorxaraq qaçması Rusiyaya ciddi psixoloji təsir göstərir. Gələn ilin yay mövsümündə ruslar Krımda dincəlməyə getməyəcəklər. Çünki onlar özlərini təhlükəsiz hiss etmirlər. Ancaq bu, Rusiyanın Krımdan vaz keçəcəyi demək deyil. Çünki Krımı itirsələr Rusiyanın dağılması sürətlənəcək.

Ona görə də Rusiya Donbasdan çıxacaq, amma Krım uğrunda savaşı davam etdirəcək. Ukrayna da Krımdan əl çəkməyəcək. Amma Zelenski üçün bu gün əsas məqsəd 2022-ci il fevralın 24-dən əvvəlki vəziyyəti bərpa etməkdir. Yəni Rusiya əvvəlki mövqelərə çəkilərsə, müharibə dayanar. Ancaq Rusiya geri çəkilmək istəmir. Sadəcə olaraq, Urkrayna Krıma zərbələr endirməklə Rusiyaya psixoloji təzyiq edir və göstərir ki, sizi Krımda rahat həyat gözlədiyini düşünməyin. 2014-cü ildə Krım işağl olunanda Krımın rusdilli əhalisi düşünürdü ki, artıq hər şey bitdi və artıq Rusiya ilə birləşdilər. Ancaq son partlayışlar göstərdi ki, onları rahat həyat gözləmir".


MANŞET XƏBƏRLƏRİ