Rusiyanın yeni silahı "robot it" mübahisələrə səbəb oldu - VİDEO


Rusiyada prezident Putinin də qatıldığı silah sərgisində təqdim edilən robot it müzakirələrə səbəb olub. Ninja kostyumu geyinmiş və belində tank əleyhinə silah daşıyan robot itin rus deyil, çin istehsalı olduğu iddia edilib.

Turkustan.azxəbər verir ki, bu həftə Rusiyanın paytaxtı Moskvada keçirilən silah sərgisində tank əleyhinə silahlardan atəş açan robot it Rusiyanın ən diqqət çəkən yeni silahı olub.

Rusiyanın RİA Novosti xəbər agentliyinin paylaşdığı məlumata görə, Ninja paltarı geyinmiş robot itin videosu da sosial mediada böyük səs-küyə səbəb olub. Arxasında tank əleyhinə silah olan robot it, əslində kamera olan gözləri ilə ətrafdakı hədəfləri müəyyən edə bilir. Dörd ayaq üstə hərəkət edə bilən və ya yerdə sürünən robot itin yaradıcıları robotun silahların daşınmasında istifadə edilməsinin planlaşdırıldığını, fövqəladə hallarda xilasetmə əməliyyatlarında da istifadə oluna biləcəyini bildiriblər.

Rusiya prezidenti Vladimir Putin Ordu-2022 Sərgisinin açılışındakı çıxışında Rusiya silahlarının modernləşdirilməsini yüksək qiymətləndirərək, "Bizim silahlarımızın bir qismi Qərbdəki silahları qabaqlayır" deyib.

SİLAH DEYİL OYUNCAQDIR

Digər tərəfdən, bəzi sosial şəbəkə istifadəçiləri robot itin əslində rus deyil, Çin istehsalı olduğunu irəli sürüb. Bəzi istifadəçilər də robot itin oyuncağa bənzədiyini və qorxulu silah olmaqdan uzaq olduğunu bildirərək onunla lağ ediblər. Müzakirələrdən sonra rus istehsalçısı da robotda Çin texnologiyasından istifadə olunduğunu təsdiqləyib.

Go1 robot itini istehsal edən Çin şirkəti isə Rusiya yarmarkasında təqdim edilən robotun ona aid olub-olmaması ilə bağlı açıqlama verməsə də, robotlarının yalnız mülki məqsədlər üçün istifadə edildiyini açıqlayıb. Çinin Unitree şirkəti Rusiyaya məhsul satmadıqlarını və robotlarının hərbi məqsədlər üçün istifadəsinə qarşı olduqlarını bildirib.

Hazırladı: Eltac Zülüfqaroğlu/Turkustan.az

Mənbə: sozcu.com.tr


MANŞET XƏBƏRLƏRİ