Rusiyanın Ermənistana verdiyi notadakı bir cümlənin izi ilə… - Paşinyana hansı mesaj göndərildi?


Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) nota verib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Notaya səbəb İrəvanın "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışla bağlı Rusiyanın ittiham edilməsi olub.

Xatırladaq ki, Ermənistan mediası Rusiyanın dövlət strukturlarını ittiham edərək, hadisənin onlar tərəfindən törədildiyini iddia edib.

Mövzu barədə fikirlərini Sfera.az-la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan mediasında "Sürməli" ticarət mərkəzindəki partlayışda "Rusiya izi" barədə o qədər xəbər yayıldı ki, Rusiyanın İrəvandakı səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmək məcburiyyətində qaldı:

"Həqiqətən Ermənistan hakimiyyətinə yaxın mediada yanğının, o cümlədən metro və hava limanlarına mina xəbərdarlığının Rusiya kəşfiyyatının təşkil etdiyinə dair yazılar çoxalıb. Rusiya notasında belə bir cümlə var: "Rusiya və Ermənistanın müttəfiqlik münasibətlərini pozmaq istəyən siyasi qüvvələrin təxribatını qınayırıq, Ermənistan hökumətindən qəti addımlar, o cümlədən şərhlər gözləyirik".

Ekspert hesab edir ki, Kremlin təlimatıyla hazırlanan bu cümlədə əslində təxribatın arxasında hakimiyyətə bağlı qüvvələr nəzərdə tutulub: "Görünür, Kreml hesab edir ki, baş nazir Nikol Paşinyan və onun tərəfdarları Rusiyadan narazılıqlarını təxribatların arxasında Moskvanın adını hallandırmaqla bildirməyə çalışırlar. Təsadüfi deyil ki, Kremlə yaxın rusiyalı siyasi ekspertlər mediada Paşinyanın Qərbə satıldığını iddia edirlər".


MANŞET XƏBƏRLƏRİ