Prof.Dr.İbrahim Özdəmir: "Ekoloji maarifçilik ailədən başlayır"


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Günümüzdə qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran ekoloji probelmlər ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin aktuallığını artırır. Ələlxüsus inkişaf etmiş ölkələrdə ətraf mühitin mühafizəsi ilə məşğul olan aidiyyətli qurumlar cəmiyyətdə ekoloji dəyərləri inkişaf etdirmək üçün müxtəlif maarifləndirmə və təhsil proqramları həyata keçirirlər. Bəs müsəlman ölkələrdə ekoloji maarifçiliklə bağlı vəziyyət necədir? Ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə hansı tədbirlər həyata keçirilir? Bu və digər ekoloji məsələrlə bağlı suallara İstanbulda yerləşən Üsküdar Universiteti Humanitar Elmlər Fakültəsinin dekanı, dünyanın bir neçə dilində çap olunmuş "Ətraf Mühit, İnsanlar və Məsuliyyətlərimiz" adlı monoqrafiyanın və çox saylı elmi əsərlərin müəllifi, Prof. Dr. İbrahim Özdemirin "Türküstan" qəzetinə müsahibəsini təqdim edirik .

- İbrahim bəy, Siz 1990-cı illərdən başlayaraq İslamda ekoloji əxlaq problemi ilə məşğul olursunuz. Bu mövzunu seçməyə necə qərar verdiniz?

- Bilirsiniz mən 1990-cı illərdə İslamda ekoloji əxlaq mövzusunu tədqiqat mövzusu kimi seçdiyimdə ilk olaraq elmi rəhbərimi razı salmağa çalışdım. Hətda bir çox həmkarım bu mövzunun dəbdən düşəcəyini və fəlsəfədə daha klassik mövzulara diqqət yetirməyimi tövsiyə etdilər. Lakin mən klassik fəlsəfədəki əldə etdiyim bütün təcrübəmlə ətraf mühit-insan münasibətini fəlsəfi və etik prizmasından tədqiq edəcəyimi özümə söz verdim. İndi görürəm ki, çox düzgün qərar vermişəm. Bu mövzuyla bağlı Harvard, BMT, YUNESKO, Rusiya Elmlər Akademiyası və İsveç Elmlər Akademiyasında dəvətlər aldım və müxtəlif ölkələrdə elmi məruzələrlə çıxış etdim. Həmçinin bu öləkələrin nüfuzlu elmi jurnallarında mövzuyla bağlı məqalələrim çap olundu.

- Elmi nəşrlərinizdə Quranın ətraf mühitə böyük əhəmiyyət verdiyini vurğulayırsız. Amma digər tərəfdən, sizin qeyd etdiyiniz kimi, müsəlman ölkələrdə bu məsələylə bağlı bir laqeydlik var. Sizcə bunun əsas səbəbi nədir?

- Bilirsiniz bu çox dərin bir mövzudur. Bu barədə Seyid Hüseyn Nəsr kimi alimlərlə də söhbətim olub. Düşünürəm ki, bölgəmizdəki siyasi məsələlərin ağırlığına görə biz müsəlmanlar bu məsələdə bir az diqqətdən kənar saxlamışıq. Məsələn, mən 2006-cı ildə itlər haqqında məqalə yazmışdım, o yazı çıxanda "Bu qədər adam ölür, itlərdən yazırsan" dediyimə görə məni qınadılar. Halbuki bizim adət-ənənəmizdə Allahın yaratdıqları baxımından kiçik və böyük yoxdur. Hər şey dəyərlidir. Amma İslam dünyasının bundan xəbəri yoxdur. Bu gün biz müsəlman ölkələrdə heyvanlara sevginin olmadığını, ətraf mühitin mühafizəsi mövzusunda lazımlı dərəcədə həsasslığın olmadığını müşahidə edirik. Müsəlman ölkələrinin təbiəti məhv etməyən, əksinə təbiəti canlı kimi qəbul edən, onunla həmahəng olan modelə ehtiyac var. Ola bilsin ki, bizim qazancımız azalsın, amma gələcək nəsillər daha çox qazanclı olacaq.

- Texnologiya sürətlə inkişaf edir həyatımızı asanlaşdırır. Lakin bunun müqabilində ətraf mühitin çirklənməsi prosesi də davam edir. Bu ikisini uzlaşdıran Orta yol ola bilməzmi?

- Bu çox ciddi və çox çətin sualdır. Müasir texnologiyanın həyatımıza və azadlığımıza yaratdığı təhlükəni ilk dərk edənlərdən biri alman filosofu Martin Haydeqqer olmuşdur. Hələ 1930-cu illərdə o, Texnikanın həyatımızdakı rolunu təhlil edən kiçik bir kitab yazdı. Filosof Texnologiyanın az qala ruhumuzu alacağından və azadlığımızı məhv edəcəyindən narahat idi. Bu gün qarşılaşdığımız problemlər Haydeqqerin baxışlarından çox kənara çıxıb. Nüvə texnologiyası ilə istehsal edilən silahlar artıq bütün dünyanı uçuracaq sərhədi keçib. İnsanlar problemi başa düşsələr, həllini də tapa bilərdilər. Texnologiyanın və qloballaşmanın dağıdıcı təsirlərinin öhdəsindən yalnız güclü təhsil anlayışı ilə gələ bilərik. Mənəvi dəyərlərə və fəzilətlərə sahib olmaq; Mən özünü tanıyan və öz qərarlarını verə bilən güclü şəxslərdən danışıram. Müsəlman cəmiyyətləri olaraq Quran əxlaqını tərbiyənin dinamik qüvvəsi edib etməməyimizə qərar verməliyik. Mən burada əxlaqı geniş mənada götürürəm. Bütün canlılara qarşı məsuliyyətini dərk edən mərhəmətə əsaslanan əxlaqdan danışıram.

- Təhsilin məktəbdən başladığını nəzərə alsaq, bununla bağlı nə etmək olar?

- Məndə ekoloji maariflənmənin ailədə başlanmasını vacib hesab edenlərdənəm. Bu şüur səviyyəsi ailədən sonra uşaq bağçasında cücərməli, orta məktəb və universitet həyatında inkişaf etməli və budaqlanmalıdır. Universitetlər təkcə qlobal bazarların tələb etdiyi işçi qüvvəsini təmin etmir; həmçinin ümummilli və planetar dəyərlərə sahib olan cəmiyyət problemlərinə və məsuliyyətli şəxsiyyətlər yetişdirməyi hədəfləməlidir. Məsuliyyət dedikdə, onların məsələlərə təkcə öz mənafeləri prizmasından deyil; başqa insanlar və canlılar üçün yaranacaq nəticələri düşünərək baxmağı nəzərdə tuturam.

- Ekologiya ilə bağlı elmi və ictimai maariflənmə hansı səviyyədədir? İslam dünyasında, o cümlədən Türkiyədə ümumi mənzərə necədir?

- Bugün dünyada ətraf mühit, iqlim dəyişikliyi, davamlı inkişaf kimi fənlər universitetlərdə tədris olunan fənlər arasına daxil olmağa başlayıb. Bu məsələdə Skandinaviya ölkələri və Amerika universitetləri daha aparıcı rol oynayır. Bir çox universitetlər təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə öz kampuslarında alternativ enerji mənbələrinə üstünlük verirlər. Ekologiyanın qorunmasında məsuliyyət dərk edən tələbələrin bu qərarların qəbul olunmasında və həyata keçirilməsində çox vacib rol oynadıqlarını qeyd etmək lazımdır. İslam dünyasına və Türkiyəyə baxanda hələ çox işimiz olduğunu görürük. İlk növbədə ətraf mühitə təkcə dərs kimi deyil, ümumi təhsilin fundamental dəyəri kimi baxmaq lazımdır. Bir sözlə, demək istəyirəm ki, müsəlman ölkələrdə əhalinin müxtəlif təbəqələrinin təbiətə Allah tərəfindən yaradılmış və bizə əmanət edilmiş əmanət olduğu şüuru ilə yanaşması bu məsələdə həlledici rol oyanyır

- Təqribən keçən il bu vaxtlarda sizin öncülüyünzdə dünyanın bir grup müsəlman ekologlar tərəfindən "Əl-Mizan: Dünya üçün Müqavilə" konsepsiyası hazırlanıb Üsküdar Universitetində keçirilən geniş mətbuat konfransı ilə bütün dünyaya elan edildi. Bu konsepsiyanın əsas müddəaları haqqında məlumat verə bilrsinizmi?

- Konsepsiya öz adını Qurandakı "əl-mizan" anlayışından alır. ƏL-Mİzan lüğətdə "bir şeyin ağırlığını təxmin etmək, ölçmək, çəkmək" mənasını verir. Bu konsepsiaynın əsas müddəaları təbiətin mühafizəsini cari çağırışlarına cavab verən şəkildə tənzimləyən prinsiplərin yenidən ifadəsindən ibarətdir. İnsan varlığının ictimai nizamının arxasında dayanan əxlaqi prinsiplərə diqqət yetirilir. Allahın yaratdığı və bizə əmanət etdiyi təbii dünyanın bu gün ürək döyüntüləri ilə uyğunlaşaraq necə həyata keçirilə biləcəyi araşdırılır. Quranın təməl prinsiplərinə uyğun olaraq davamlı inkişaf yanaşmasına çağırış edilir. Əl-Mizan- Dünya üçün Müqavilə konsepsiyası Ekolojiizmin İslamın özündə dərin kökə ve yerə malik olduğuna diqqət çəkir. Bu konsepsiya başqaları və bütün canlılarla münasibətlərimizdə, eləcə də şəxsi davranışımızda hörmətə, müdafiəyə və məsuliyyətə önəm verir.

- İbrahim bəy son olaraq Azərbaycanda ekoloji maarifçilik məsələsi ilə bağlı hansı məsləhətləri verə bilərsiniz?

- Bir neçə dəfə Azərbaycanı ziyarət etmə imkanım olub. Olduğum yerlərdəki gördüklərimdən və oxuduğum məlumatlardan yola çıxaraq deyə bilərəm ki, ana təbiət Azərbaycanımızdan öz səxavətini əsirgəməyib. Yer üzündəki iqlim qurşaqlarının doqquzunu Allah-Təala Azərbaycanımıza bəxş edib, dağ və meşələrlə əhatələnmiş füsunkar təbiətimiz, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərə sahibik. Çox şükür Qarabağdakı torpaqlarımız işğaldan azad edilməsi o bölgələrdəki füsunkar təbiət zənginliyimizə də təkrar qovuşmamıza səbəb oldu. Lakin unutmaq olmaz ki, təbiətin səxavəti tükənməz deyildir. Gərək, təbiətə doğma münasibət bəsləyəsən, heyvanları, quşları, bitki örtüyünü təhlükələrdən qoruyasan. Təbiətin gözəlliyi həm də böyük məsuliyyət deməkdir. Ona görə də Azərbaycanlı qardaşlarıma bu füsunkar təbiəti qoruyabilmək üçün hər kəsin bu məsuliyyəti dərk etməsinin vacib olmasını səmimi qəlbdən dilyirəm və sizin vasitənizlə can Azərbaycanımıza oz sevgi və saygılarımı göndərirəm.

Eltac Zülfüqaroğlu


MANŞET XƏBƏRLƏRİ