27 Sentyabr - Zəfərimizi müjdələyən Gün


Aqil Məmmədov

Milli Məclisin deputatı

27 senytabr 2020-ci il - O gün Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə açdı.

Prezidentin müraciətində bildirilirdi ki, həmin gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar vardı.

Prezident xalqa və dünyaya bəyan etdi ki, düşmənin cavabı bütün cəbhə boyu verilir, Şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bəli, Azərbaycan II Qarabağ müharibəsində ilk şəhidlərini həmin gün verdi. Bu baxımdan, 27 Sentyabr torpaqlarımızın azadlığına gedən ilk gün kimi tarixə düşməklə yanaşı, eyni zamanda, bu savaşda, ümumiyyətlə, son 30 ildə Vətən yolunda qurban verdiyimiz şəhidlərin Anım günü kimi yaddaşlara həkk oldu, rəsmiləşdi.

1994-cü ildən atəşkəs rejimi qüvvəyə minsə də, o, davamlı şəkildə pozulurdu. Amma son illər bu, intensiv xarakter almışdı. Ermənistan Azərbaycana qarşı müxtəlif səpkili hərbi təxribatlar törədirdi. Ötən ilin iyulunda Tovuz rayonu istiqamətində artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdu. Daha sonra Ermənistan Azərbaycan ərazisinə diversiya qrupu göndərmişdi.

Ermənistan cəzasız qalmağından şirniklənib yeni Azərbaycan torpaqları işğal etmək firkinə düşmüşdü. Bu niyyəti, o zamankı müdafiə naziri Tonoyan ABŞ-da səfərdə olarkən açıq şəkildə söyləmişdi: "Yeni ərazilər uğrunda yeni müharibə".

Ermənistan diplomatik sahədədə də danışıqları sabotaj etməklə məşğul idi. Baş nazir Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" şüarı əslində, danışıqlara nöqtə qoymağa yönəlmişdi.

Azərbaycanın qədim şəhəri Şuşada qondarma rejiminin başçısının "andiçmə" mərasiminin keçirilməsi isə Azərbaycan xalqının və dövlətinin hisslərini test etmək texnologiyası idi. Cənab Prezidentin qeyd etdiyi kimi "Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirdilər". Şuşada qondarma rejim üçün "parlament binası" tikilməsi də bu təxribatın davamı idi.

Bütün bu təxribatlar, amma ən başlıcası, son 30 ildə Azərbaycan torpaqlarının işğalı, yüzminlərlə həmvətənimizin hər şeyini itirərək doğma yurd-yuvasından didərgin düşməsi, bir enerjiyə çevirildi.

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük savaşla öz torpaqlarını işğaldan azad etdi. Azərbaycan xalqı bu haqq savaşında yüzlərlə oğlunu itirdi. Bu Zəfər bizə şəhidlərimizin qanı bahasına başa gəldi.

Bu gün və hər zaman Azərbaycan xalqı bu Zəfərə görə şəhidlərimizə, qazilərimizə borclu olacaq. Şəhidlərimizin əziz xatirəsi, onların ailə üzvləri, övladları daim dövlətin, Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Müharibənin bitməsindən heç bir il keçməməsinə baxmayaraq şəhidlərimizin ailələlərinin dövlət qayğısı ilə əhatə olunması yönündə proqramlar qəbul edilib, Yaşat Fondu yaradılıb, bu sahədə çoxsaylı real addımlar atılıb.

Ümid edirik ki, bu işlər bundan sonra da davam etdiriləcəkdir.

Şəhidlərimiz sinələrini Vətənə sipər edərkən yalnız Vətən haqqında düşünüblər. Vətən də hər zaman onların əziz xatirəsini, geridə qoyub getdikləri əzizlərinin qayğılarını diqqətdə saxlayacaq.

Anım Günündə qəhrəman şəhidlərimizi bir daha sevgi və həsrətlə anır, "Qanınız yerdə qalmadı" deyirik!


MANŞET XƏBƏRLƏRİ