Arvadının "öldürüb" ərə getdiyi kişinin qardaşı TƏFƏRRÜATI AÇIQLADI: "Dedilər ki, ölüm kağızı var..."


Uzun illərdir Rusiyada yaşayan və 11 ildir rəsmi olaraq ölmüş hesab olunan Qubanın Rustov kənd sakini 67 yaşlı Abil Zeynalovun ortaya çıxması və Azərbaycana gəlmək istəməsi sosial mediada gündəm olub.

Abil Zeynalov 1996-cı ildən ailəsini burada qoyaraq Rusiyaya gedib. Orada bir qadınla tanış olub, müxtəlif işlərdə işləyib. Azərbaycandakı həyat yoldaşı 2011-ci ildə onun adına ölüm kağızı çıxartdırıb, sonra bütün əmlakını sataraq başqası ilə ailə həyatı qurub. Abil Zeynalov isə ölmüş hesab edildiyi üçün 26 ildir ölkəsinə gələ bilmədiyini deyir.

Məsələ ilə bağlı Publika.az-a danışan A.Zeynalovun qardaşı Nazim Zeynalov bildirdi ki, qardaşı illər öncə Rusiyaya köçüb və bu müddət ərzində ölkəsinə gəlməyib. Azərbaycana qayıtmaq istəyəndə isə bu, mümkün olmayıb:

"Çünki o, 2011-ci ildən ölü kimi qeydiyyatdadır. Bizə zəng edərək sənəd istədi. Dedilər ki, ölüm kağızı var. Hər yerə müraciət etmişəm, bütün qurumlara... Hazırda sənədi olmadığı üçün ölkəyə gələ bilmir. Məsələ ilə bağlı Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə məlumat vermişik. Aidiyyəti orqanlardan qardaşımın ölkəyə qayıtmasına dəstək göstərmələrini istəyirik".

Nazim Zeynalovun sözlərinə görə, sonuncu dəfə 2001-ci ildə qardaşı ilə əlaqə saxlayıb. Abil Zeynalovdan heç bir xəbər çıxmadığını görən həyat yoldaşı isə 2011-ci ildə məhkəməyə müraciət edib: "Məhkəmə qardaşımın ölməsi ilə bağlı qətnamə çıxarıb və onun əmlakı həyat yoldaşına verilib. Bizə əmlak, ev lazım deyil, əsas odur qardaşım gəlsin. O, artıq Rusiyadakı səfirliyimizə müraciət edib və Azərbaycana gətirilməlidir. Bundan sonra məhkəmənin qətnaməsi ləğv oluna bilər".

N. Zeynalov 4 aydır ki, məsələni qaldırdıqlarını bildirib: "Rusiyaya buradan bütün sənədləri göndərmişik. İndi Quba rayon məhkəməsində qardaşım Abil Zeynalovun həyatda olduğu sübuta yetirilməlidir. Bundan sonra məhkəmənin əvvəlki qərarı qüvvədən düşəcək və o, ölkəyə gələ biləcək".

Quba Rayon İcra Hakimiyyətinin Rustov kənd üzrə icra nümayəndəsi Beybud Rəhimov saytımıza açıqlamasında qanun çərçivəsində Abil Zeynalovun ölkəyə gətirilməsinə dəstək olmağa hazır olduqlarını bildirdi. Rustov kənd bələdiyyəsinin sədri Aydın Kazımov da məsələdən xəbərdar olduqlarını və ailəyə bu prosesdə dəstək göstərəcəklərini dedi.

Məsələnin hüquqi tərəfinə gəlincə, vəkil Anar Qasımlı bununla bağlı Mülki Məcəllədə olan maddələri təqdim edib:

Maddə 41-ə görə (Fiziki şəxsin ölmüş elan edilməsi) Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). 41.2-ci bənddə isə qeyd olunur ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). 41.4-ci bəndə uyğun olaraq, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.

Maddə 42-nin (Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri) 42.1-ci bəndinə görə, ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər (42.2). 42.3-ci bənddə qeyd olunur ki, ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. (42.4).


MANŞET XƏBƏRLƏRİ