QƏRAR VERİLDİ: Zabux sakinləri Laçına qayıtmağa hazırlaşırlar


Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib:

"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq".

Artıq ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlıların - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə struktur bölmələrinə tapşırıqlar verilib.

Bəs, 30 ildir yurd-yuvasından ayrı düşən laçınlılar özləri kəndlərinə qayıtmağa hazırdırlarmı?

30 il əvvəl 32 yaşında ikən Zabuxdan məcburən çıxmalı olan tikinti mühəndisi Hüseynov Tahir deyir ki, mən burda özümüm tapa bilmədim, gedib Zabuxda tapacam, orda qoyub gəlmişəm:

"Bir-neçə gün əvvəl bizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə çağırdılar. Getdik, soruşdular ki, Zabuxa qayıtmaq istəyirsiniz? Dedim qardaş, əlbəttə istəyirəm. 1984-cü ildə Zabuxda evimin tikintisinə başlamışdım, 1988-ci ildə tikinti başa çatdı. O evdə bir gün rahat yaşaya bilmədim.

1988-ci il fevralın 13-də ermənilər Xankəndində Azərbaycanın tərkibindən çıxmaq haqqında qərar qəbul edəndən başlayan mübarizəmizin sonunda yurdumuzdan çıxmalı olduq.

Mübarizə bitmədi, biz yenə öz yurdumuza qayıdırıq. Evimdən əsər-əlamət qalmayıb, amma ondan da yaxşısını tikəcəm. Oğlum xaricdə yaşayır, ona xəbər verəndə sevincindən ağladı. Dedi mən də qayıdacam. O körpə uşaq idi Zabuxdan çıxanda, qızım bələkdə idi. Mənim 32 yaşım vardı, indi 62-dir".

Əli Fərəcov isə deyir ki, Zabuxdan çıxanda 26 yaşım vardı:

"1988-ci ildə hadisələr başlayanda bir il polislərin arxasınca əliyalın səngərlərdə olduq. Bir il sonra bizə silah verdilər, 4 il döyüşdük, amma yurd-yuvamızı aldılar. Suriyadan erməniləri gətirib yerləşdiriblər evlərimizə. İndi dünən internetdə görürəm ki, evi yandırıb çıxırlar.

Öfkəmdən partlayıram, insult keçirmişəm, tez bir zamanda kəndə qayıdıb evimi bərpa etmək istəyirəm. 84 yaşında atam 30 ildir televizorun qarşısında xəbərləri güdür ki, nə vaxt evimizə qayıdırıq - deyəcəklər".
Bu da sakinlərin fikri. Gedişat göstərir ki, tezliklə Zəngilan rayonunun Ağalı kəndinə olduğu kimi Laçının Zabux kəndinə də köç başlayacaq. /Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ