Dünya bazarında ərzaq ucuzlaşır – Azərbaycanda niyə BAHALAŞMA davam edir?


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iyul ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.

Bu açıqlamadan belə çıxır ki, Ərzaq Qiymətləri İndeksi iyul ayında aylıq müqayisədə 8,6 azalıb. Ardıcıl dörd aydır eniş trendində olan indeks, 2008-ci ilin oktyabr ayından bu yana dəyərində ən kəskin aylıq azalma baş verib.

İyulda azalmaya bitki yağı və taxıl indekslərinin əhəmiyyətli dərəcədə azalması səbəb olub. FAO-nun Taxıl Qiymətləri İndeksi aylıq müqayisədə 11,5 faiz azalaraq iyul ayında orta hesabla 147,3 bənd təşkil edib.

Buğda və qarğıdalı bazarlarında zəiflik səbəbindən qiymətlərin ucuzlaşması sorqo və arpa qiymətlərini müvafiq olaraq 12,8 faiz və 12,6 faiz azaldıb.

İyulda beynəlxalq düyü qiymətləri ilin əvvəlindən bəri ilk dəfə olaraq tələbin qeyri-müəyyənliyi və valyuta məzənnələrilə əlaqədar olaraq ucuzlaşıb.

Bitki Yağı Qiymətləri İndeksi isə iyulda iyuna nisbətən 19,2 faiz azalaraq 10 ayın ən aşağı səviyyəsində olub. Kəskin azalmaya palma, soya, kolza və günəbaxan yağlarının dünya qiymətlərinin aşağı düşməsi səbəb olub.

Süd Qiyməti İndeksi iyulda aylıq 2,5 faiz, Ət Qiyməti İndeksi isə 0,5 faiz azalıb. Analoji vəziyyət Şəkər Qiymət İndeksində də özünü göstərib. Burada iyul ayında azalma aylıq 3,8 faiz təşkil edib.

Göründüyü kimi hazırda qlobal ərzaq qiymətləri enməkdə davam edir.

Amma Azərbaycanda hələ də bu ucuzlaşmanı hiss etmirik. Əksinə, ölkəmizdə ərzaq qiymətləri bahalaşma tendensiyasında davam edir.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov ərzaq qiymətləri indeksinin iyul ayında dünya üzrə düşməsinə rəğmən Azərbaycanda onun hiss olunmamasını bazarın prosesə sürətlə reaksiya verməməsi və inhisarçılığın təsirilə əlaqələndirdi:

"İlk növbədə onu deyim ki, bazar qiymət əmələ gəlmə prosesinə bu qədər sürətlə reaksiya vermir. Dünya praktikasında bu belədir.

Digər tərəfdən, məsələyə Azərbaycanda yanaşma tamam fərqlidir. Fərqlilik ondan ibarətdir ki, Azərbaycan bazarında indiyə qədər liberal qiymət əmələ gəlmə prosesi olmayıb. İndi bu istiqamətdə gömrükdə müəyyən dəyişikliklər gedir, müəyyən araşdırmalar aparılır.

Bir sözlə, ölkəmizdə qiymət əmələ gəlmə prosesi inhisarçılığın təsiri altındadır.

Dünya bazarlarında qiymətlər 3 ay ərzində ucuzlaşsa belə, bu Azərbaycana öz təsirini göstərməyəcək. Bu məsələdə şəffaf liberal yanaşma olmayana qədər".


MANŞET XƏBƏRLƏRİ