Meymunçiçəyi koronavirusun yolu ilə gedir: Kütləvi təhlükə?


Ölkələrdə meymunçiçəyi xəstəliyinə yoluxma halları artır.

Təkcə Avropa regionunun 38 ölkə və bölgəsində meymunçiçəyinə 15 926 yoluxma aşkarlanıb. Bu barədə Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

Avqustun 2-də açıqlanan məlumata görə, regionun 32 ölkəsindən "TESSy" Avropa müşahidə sistemi vasitəsilə iki ölüm halı da daxil olmaqla 15 624 yoluxma qeydə alınıb. "TESSy-yə bildirilən 15 624 hadisədən 15 524-ü laboratoriyada təsdiqlənib", - hesabatda deyilir. Ən çox yoluxma 31-40 yaş arasıdır (41 %) və kişilərdə (99,1 %) qeydə alınıb. Tez-tez yoluxmuş şəxslər səpki (94,8 %) və hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65 %) kimi sistemik simptomlarla müraciət ediblər. 399 nəfər (5,6 %) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı var. Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış yoluxucu xəstəlikdir. Onun əlamətləri ürəkbulanma, qızdırma, səpki, qaşınma və əzələ ağrısıdır. Ölkəmizdə bu xəstəliyə yoluxma halı aşkar edilməyib. Bununla belə, təhlükə var və qonşu ölkələrdə də xəstəliyə yoluxma halının olması təhlükəni bir az daha artırır.

Maraqlıdır, meymunçiçəyinin koronavirus kimi kütləvi yayılma ehtimalı varmı?

Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, xəstəlik koronavirus qədər təhlükəli olmasa belə, ciddi yanaşılmalıdır:

"Meymunçiçəyinə yoluxma arta-arta gedir. Amma ölkələr bu xəstəliyə ciddi yanaşmır. Elə Azərbaycanın özündə də meymunçiçəyinə ciddi yanaşmırlar. Əslində, bir çox ölkə, o cümlədən, Azərbaycan da meymunçiçəyi testləri alıb. Xəstəliyin bir əlaməti belə görülürsə, həmin şəxslər testdən keçirilməli və nəticə müsbət olarsa, şəxs təcrid olunmalıdır. Bunu etməyəndə yoluxma təbii ki, artacaq. Amma koronavirus kimi artacağı gözlənilən deyil.

Ona görə ki, bütün ölkələrdə bu xəstəliyə yoluxma halları epozodikdir. Yəni çox az ölkə var ki, orada meymunçiçəyinə yoluxma halı çoxdur. Yoluxmanın aşkarlandığı ölkələr çox ola bilər, amma yoluxma sayı azdır. Ona görə də narahatlığa ehtiyac yoxdur. Düzdür, xəstəlik xəstəlikdir, ciddi yanaşılmalıdır. Amma koronavirusda olduğu kimi yoluxma və ölüm hallarının sayının çoxalacağı gözlənilən deyil. Yoluxduruculuğu da koronavirusdakı kimi geniş deyil".


MANŞET XƏBƏRLƏRİ