Azan niyə azərbaycanca səsləndirilmir? - İlahiyyatçıdan şərh


Məscidlərdə azan azərbaycan dilində verilsə, həm ərəbçiliyin, həm də farsçılığın kökünü kəsmək olar. Bunu feysbuk istifadəçisi Əli Əliyev (ad şərtidir, - red) bildirib.

" Dinlər xalqları idarə etmək üçün yaradılmış ideologiyalardı. Musəvilik yəhudilərə, İslam ərəblərə və farslara sərf edir. Əgər dini özümüzküləşdirsək, özümüzün xeyrinə istifadə edə bilərik. Duaların azərbaycan dilində oxunması və azanın azərbaycan dilində verilməsi çox təsirli olacaq", - o qeyd edib.

Digər sosial şəbəkə istifadəçisi Kənan Mirzəyev deist olsa da, azanın öz dilimizdə səslənməsinin dini daha yaxşı anlamağa kömək edəcəyini düşünür.

"Mənim hansısa dini etiqadım yoxdur. Biz dini mollalar və özünü çoxbilmiş kimi göstərən adamlardan gördüyümüzdən bəlkə də öz dilimizdə eşitsə idik Quranı daha yaxşı anlaya bilərdik. Bilmədiyim dildən eşitməkdənsə, mənasını bildiyim cümlələri eşitmək daha yaxşı olardı. Tanrı təkcə ərəbcə bilirmi?!"

Bəs, Azərbaycanda azan səsi niyə azərbaycanca verilmir?

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal azan çağırış olduğundan onun azərbaycan dilində verilməsini düzgün hesab etmir.

"Azan çağırış olduğundan ilk səsləndiyi gündən ərəb dilində verilir. Azan bütün İslam dünyasında birlik və bərabərlik üçün çağırışdır. Düzdür, Azərbaycan xalqı milli kimliyi ilə dini kimliyinin vəhdətini qoruyub. Amma azanın azərbaycan dilində verilməsi digər birliklərin pozulmasına səbəb olacaq. Onsuzda inanclı xalqımız azanın bütövlükdə tərcüməsini bilir", - o bildirib.

1931-ci ildə Atatürkün təşəbbüsü ilə Türkiyədə azanın türkcə səsləndirilməsinə də münasibət bildirən şərqşünas bunu uğursuz hesab edir.

"Mən Türkiyənin dini və mənəvi mühitini dərindən bilən biri kimi deyə bilərəm ki, Atatürkün bu addımı heç də uğurlu olmayıb. İslam mərhəmət, sevgi dini ilə bərabər həm də vəhdət dinidir. Azanın başqa dillərdə verilməsi təfriqəyə yol aça bilər".

Seyid Camal gəncləri dini yöndən maarifləndirmək üçün ölkədə lazımi addımlar atıldığını, özünün də televiziya verlişində buna çalışdığını qeyd edib.

"İslam son dövrlərdə cəmiyyətimizə doğru şəkildə aşılanıb. Artıq 6 ildir ki, Space Televiziyasında "İnam" verlişinin həm müəllifi, həm aparıcısıyam. Biz qloballaşan dünyanın bir parçasıyıq, təbii böyüdükcə ateistlərin, dini dəyərləri yanlış təbliğ edənlərin də sayı artacaq", - o deyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Cavanşir Paşazadə bildirib ki, hərə öz dilində namaz qıla bilməz.

"Tutaq ki, biri rus, biri fransız, biri ərəb, biri ingilis, digəri azərbaycan dilli müsəlmandır. Bunları birləşdirən həmin ərəb dilli azandır. Ona görə də camaat namazı ərəb dilində qılsa daha uyğundur", - o qeyd edib.

Azan nədir?

Azan, namaz vaxtının gəldiyini bildirir. Sünni məzhəbində azanın tarixini Abdullah ibn Zeyd adı ilə bağlayırlar. Bu nəzəriyyəyə görə, hicrətdən sonra Mədinədə məscid tikilib qurtardıqda Məhəmməd Peyğəmbər namaz vaxtını hansı üsulla elan etmək barədə sual verir. Kimisi zəng çalmağı, kimiçi şeypur üfləməyi, kimisi də ocaq qalamağı təklif edir. Lakin bunlar xristian, yəhudi və atəşpərəst ayinləri olduğu üçün, Peyğəmbər heç birini bəyənmir.Bir neçə gündən sonra Abdullah ibn Zeyd Peyğəmbərin yanına gəlib, qəribə yuxu gördüyünü bildirir. Guya yuxuda yaşıl geyimli bir nəfər ona namaz çağırışını öyrətmək istədiyini söyləyib, üzü qibləyə əvvəlcə azanı, ardınca da iqaməni oxuyub. Peyğəmbər bunu bəyənir və həmin qayda ilə ilk azan oxunur. Şiə məzhəbinə görə, azanın verilmə qaydası Allah tərəfindən Cəbrayıl vasitəsilə Peyğəmbərə tapşırılıb. O, insanlar arasında bunu yayıb.

2007-ci ildə azanən səsgücləndirici ilə verilməsinə qadağa qoymab, amma Prezident İlham Əliyev məsələyə müdaxilə edəndən sonra problem aradan qaldırıb.

Azərbaycanda 2253 məscid mövcuddur. Həmin məscidlərin əksəriyyətində gündə 3 dəfə azan səsləndirilir. Azanın biri səhər saat 4-5 radələrinə, digəri 12:00-13:00 aralığında, üçüncüsü isə 19:00-dan 20:00-a olan saatların birində səsləndirilir. Paytaxt Bakı ilə bölgələr arasında azanın oxunmasında saat fərqi də müşahidə edilir.

Son statistikaya görə, Azərbaycanda 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Zaqatala və Balakən rayonlarında 127 hücrə (kiçik məhəllə məscidi) vardır ki, onların 115-də ayinlər Ramazan ayında və dəfn mərasimlərində icra olunur.

Həmçinin, Azərbaycanda 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Azərbaycanda 971 dini icma dövlət qeydiyyatına alınıb. Fəaliyyət göstərən 971 dini qurumdan 934-ü İslam təmayüllü, 26-ı xristian, 8-i yəhudi, 1-i krişna, 1-i bəhai təmayüllü dini qurumlardır. /anews.az/


MANŞET XƏBƏRLƏRİ