Ermənistandan İlham Əliyevin müsahibəsinə TƏXRİBATÇI REAKSİYA


"Dağlıq Qarabağın statusu əsas məsələ olaraq qalır".

Turkustan.azxəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsində "status" haqda fikirlərinə münasibət bildirərkən deyib.

A.Qriqoryan bildirib ki, "Qarabağ problemi həll olunmayıb və ATƏT-in Minsk qrupu danışıqlar üçün yeganə platforma olaraq qalır".

Qriqoryanın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri danışıqları bərpa etməyin zəruriliyini dəfələrlə bəyan ediblər. Və bu danışıqlarda əsas məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir: ""Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Və biz bu qərarı ATƏT-in Minsk Qrupu çərçivəsində görürük. Bunu nəzərə alaraq Azərbaycan tərəfinin açıqlamaları bizim üçün anlaşılmazdır"- deyə, katib əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiyanın "Milli müdafiə" jurnalına müsahibəsində bildirib ki, "Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə, onda biz də özümüzü Ermənistana cavab olaraq ərazi iddiaları irəli sürməkdən saxlaya bilməyəcəyik". Prezident Ermənistanın hələ də Dağlıq Qarabağın statusunu qaldırmaq cəhdlərinin perspektivsiz olduğunu deyib. "Təəssüf ki, hələ də Dağlıq Qarabağın statusu məsələsi qaldırılır, bu tamamilə perspektivsizdir. Düşünürəm ki, bu Ermənistanın hazırkı acınacaqlı durumunda təhlükəli və zərərlidir. Onlar İkinci Qarabağ Müharibəsinin dərslərini unutmamalıdır. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə, onda biz də özümüzü Ermənistana cavab olaraq ərazi iddiaları irəli sürməkdən saxlaya bilməyəcəyik. Tarixi məxsusluq baxımından bizim Zəngəzura yaxud Göyçə gölü hövzəsinə iddia irəli sürməyimiz üçün daha çox əsasımız var. Amma biz bunu etmirik".

İlham Əliyev kapitulasiya aktı imzalayan Ermənistanın Dağlıq Qarabağdan danışmasına haqqı çatmadığını əlavə edib.

"Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bura bizim ərazidir və onun inzibati quruluşunu biz müəyyən edirik", - deyə prezident söyləyib.

Fəqan


MANŞET XƏBƏRLƏRİ