Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA

Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA

“İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur”.

Bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı Oxu.Az-a açıqlama verən ilahiyyatçı Elşad Mahmudov deyib.

Qeyd edək ki, avqustun 8-i Məhərrəm ayının 10-u, yəni Aşura günüdür. Hər il olduğu kimi, bu il də Aşura günü ilə bağlı müzakirələr var. Bəzi iş yerləri Aşura günü ümumiyyətlə bağlı olacaqlarını bildiriblər. Bir qismi isə yalnız 12-də bağlanacaq. Bir çoxları həmin gün işləməyin günah olduğunu, haram sayıldığını bildirirlər.

Aşura günü işləmək həqiqətənmi günahdır?

İlahiyyatçının sözlərinə görə, bu gün Məhərrəm ayında keçirilən məclislər şiə məzhəbinin sonradan ortaya qoyduğu adət-ənənələrə dayanır:

“Ümumiyyətlə, həmin gün keçirilən məclislər çox fərqlidir. İslam dini adı altında ortaya qoymaq düzgün deyil. Çünki islam yalnız şiəlikdən ibarət deyil. Məhərrəm ayı islamda olmayan şəkildə, məzhəbin özünə uyğun tərzdə keçirilir. Və bunu islam adı altında təqdim etmək olmaz. Başqa ölkələrdə bu adət-ənənələr yoxdur. İslamda məhərrəmlikdən 10 gün əvvəl və ya sonra yas saxlamaq ənənəsi də yoxdur”.

E.Mahmudov qeyd edib ki, siyasi və ictimai məsələni dinə uyğunlaşdırıb, islamdan saymaq özü belə, doğru deyil:

“Bu o dövrün siyasi məsələsidir. O qədər qətliamlar törədilib ki, gərək biz bütün 365 gün yas saxlayaq. İslamda olmayan qayda-qanunlara bağlamaq olmaz. Dini nöqteyi-nəzərdən yanlışdır. Məhərrəmlik deyə bir şey yoxdur. Mübarək günlərdən biridir. O gün oruc tutulan gündür. Nə qədər yas tutmaq olar ki... İslam yas dini deyil. Bunu təbliğ etmək lazımdır. İki ay toy etmirlər. Camaat evlənmək istəyir”.

Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə doktor Əhməd Niyazov isə əlavə edib ki, islamı ifrata aparmaq düzgün deyil:

“Aşura - islam məzhəbinin matəm olaraq qeyd etdiyi bir hadisədir. Dində belə bir şey yoxdur. İşləmək heç bir halda qadağan deyil. Dindən olmayan sözlərlə insanın həyatına müdaxilə etmək olmaz. İslam prinsiplər gətirib. Bu günə qədər ənənəvi islam necə gəlmişdisə, biz onu qorumalıyıq. Bunu ifrat həddinə çatdırmaq olmaz. Dini məkrli siyasətə alət etmək heç də dindən deyil”.

Ə.Niyazov söyləyib ki, Məhərrəm ayından 10 gün əvvəl və sonranın hüznlə yaşanması adət halını alıb:

“İfratdan qaçmaq lazımdır. İslam dininin prinsipləri Quran surəsində gəlib çıxıb. Bu, dinlə bağlı deyil. 10 gün əvvəl və sonra hüzn ayı kimi yaşanması adət halını alıb. Həmin adətlərə, insanlara ehtiramlı davranmaq lazımdır”.


MANŞET XƏBƏRLƏRİ