Ermənistan "Qisas" əməliyyatından hansı nəticələri çıxarmalıdır? - Deputatdan şərh


"Qisas" antiterror əməliyyatı növbəti erməni təxribatına qarşı tutarlı cavabdır".

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycan ərazisində dövlətçiliyimizə və suverenliyimizə qarşı atılan hər bir addım belə amansız cəza tədbiri ilə cavablandırılacaq.

"Bu Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən kriminal qruplar üçün bir dərs olmalıdır. Seçdikləri yolun perspektivsiz olduğunu anlayan təxribatçılar və terrorçular silahı yerə qoyub Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmalı və ya ölkə ərazisini tərk etməlidirlər. Hesab edirəm ki, "Qisas" əməliyyatı bunu düşmənlərimizə anlatdı".

Ermənistanın çıxaracağı nəticə

"Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanla ikibaşlı oyun oynamaq mümkün deyil" - deyə, deputat əlavə edib:

Cavanşir Feyziyev

"Vətən müharibəsindən sonra bu günə qədər imzaladığı üçtərəfli bəyanatlarla nəzərdə tutulmuş müddəaların hamısını qeyd-şərtsiz yerinə yetirməlidir. Dəfələrlə dediyimiz kimi, Ermənistanın başqa yolu yoxdur və onun nicatı Azərbaycanın əlindədir".

Ermənistanın təxribat törətməkdə məqsədi

C.Feyziyevin sözlərinə görə, Ermənistanda dövlət siyasəti peşəkar səviyyədə yox, həvəskar səviyyədə həyata keçirilir.

"Onun imzaladığı sənədlərin heç bir əhəmiyyəti yoxdur. Hökümət başçısı bəzən özünün imzaladığı sənədin əleyhinə fikirlər səsləndirir, götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və Azərbaycanla hər hansı bir məsələ ətrafında razılığa gəldikdən sonra digər dövlətlərlə həmin razılaşmaların əleyhinə birgə fəaliyyət göstərməyə cəhdlər edir. Bütün bunlar Ermənistan siyasətini çıxışı olmayan labirintə aparır. Eyni məsələ üzrə hər gün yeni bir fikrə düşmək Ermənistan siyasətçilərinin səbatsızlığından və naşılığından xəbər verir. Ermənistan rəhbərliyinin oxunması heç də çətin olmayan siyasi oyunları isə gülünc doğurur. Məsələn, Paşinyan bir tərəfdən həm Rusiya vasitəsilə, həm də Brüssel vasitəsilə Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışdığını göstərir. Digər tərəfdən isə, Qarabağ ərazisində təxribatlar təşkil etməklə beynəlxalq təşkilatların və bəzi dövlətlərin diqqətini guya hələ də problemin həll olunmadığına cəlb etməyə çalışır. Bu yolla artıq tarixə qovuşmuş "Minsk Qrupu"nun fəaliyyətinin bərpa olunacağına ümidlər bəsləyir. Hər dəfə törətdikləri təxribata görə ciddi şəkildə cəzalandırılmasına baxmayaraq Ermənistan höküməti və müxalifəti hələ də məntiqsiz addımlar atmaqda və regionda sabitliyin bərpa olunmasına maneçilik törətməkdə davam edir. Bunu öz xoşları ilə yoxsa bölgədən kənar qüvvələrin himayədarlığı ilə edirlər, bizim üçün önəmli deyil. Amma Ermənistan bir həqiqəti anlamalıdır ki, belə bir siyasət heç də onların xeyrinə işləmir".

/1news.az/


MANŞET XƏBƏRLƏRİ