Səfirliklərimizin TƏHLÜKƏSİZLİYİ necə gücləndirilməlidir? – DETALLAR

Səfirliklərimizin TƏHLÜKƏSİZLİYİ necə gücləndirilməlidir? – DETALLAR

“Ötən gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiyada yerləşən səfirliyinə radikal-islamçı qrupun hücumu və üçrəngli müqəddəs bayrağımızın təhqir olunması, yerə atılması tamamilə qəbulolunmazdır. Azərbaycan ictimaiyyəti bu hadisə ilə bağlı ciddi sarsıntı keçirib”.

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloqun sözlərinə görə, çünki biz bayrağımızı ən uca məqamlarda görmək istəyirik:

“Bayrağımızın uğrunda minlərlə şəhid vermişik. Ona əl uzadanın, təhqir edənin aqibəti heç də yaxşı olmayacaq. Bunu ən yaxın tariximiz də nümayiş etdirir. Bu gün Azərbaycanın üçrəngli bayrağı müzəffər ordumuz tərəfindən Şuşada dalğalandırılır. Biz bununla qürur hissi keçiririk. Təəssüflər olsun ki, ölkəmizin güclənməsini, onun iqtisadi gücünün artırılmasını, cənab prezident tərəfindən yürüdülən praqmatik, uzaqgörən siyasətin özünü doğrultmasını qəbul etməyən tərəflər var. Bu da radikal və destruktiv qüvvələr tərəfindən tətiklənir. Eyni zamanda, biz bu hadisədən nəticə çıxararaq öz preventiv tədbirlərimizi həyata keçirməliyik. Azərbaycanın xaricdə akreditə olunan bütün diplomatik korpuslarında, səfirlik və konsulluqlarında təhlükəsizlik tədbirləri ən yüksək həddə qalxmalıdır. Çünki bu hadisənin davamı da ola bilər. Ayrı-ayrı ölkələrdə səfirliklərimizə hücumların da təşkil edilməsi mümkündür. Ona görə də müvafiq instansiyalara təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı məktublar ünvanlanmalıdır”.

Ekspertin fikrincə, bunu Xarici İşlər Nazirliyi həyata keçirməlidir:

“Eyni zamanda, bizim xaricdə olan vətəndaşlarımızın, soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi də gücləndirilmiş iş rejiminə keçməlidir. Yay fəslinin olduğunu nəzərə alaraq bütün diplomatik korpuslarımız, eləcə də xaricdə olan digər nümayəndəliklərimiz öz təhlükəsizliklərini təmin etmək üçün müvafiq addımlar atmalıdırlar. Eyni zamanda, xüsusilə qeyd etmək istəyirəm ki, ölkəmizdə Aşura gününün keçirilməsi ilə bağlı ictimai asayiş çox ciddi şəkildə qorunmalıdır. Bu yaxınlarda Daxili İşlər Nazirliyinin bu yaxınlarda yaydığı açıqlamalardan kənar hər hansısa fəaliyyətə yol verilməməlidir. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ölkəmiz üçün ən önəmli prioritetlərdir. Müstəqilliyimizin təməllərinə zərbə vurmamaq, radikal-islamçı qrupların fikirlərinin yayılması üçün bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Azərbaycan dünyəvi dövlətdir. Bütün dini azadlıqlar ölkəmizdə qorunur. Vicdan azadlığl ilə bağlı ölkəmizin konstitusiyasında xüsusi maddə var. Eyni zamanda, ölkəmiz tolerantlıq və multikulturalizm mərkəzi kimi özünü təsdiq edib. Ona görə də baş verən hadisələr böyük təəssüf doğurur. Buna baxmayaraq, bu istiqamətdə öz qabaqlayıcı tədbirlərimizi və gələcək dövrün “yol xəritəsi”ni doğru formalaşdırmalıyıq. Məhz bu xüsusda fəaliyyət göstərməliyik”.


MANŞET XƏBƏRLƏRİ