Kremldən "Qisas" əməliyyatından sonra ilk - Açıqlama


"Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır, onun inkişafını izləyir və tərəfləri təmkinli olmağa çağırır".

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həqiqətən, biz çox diqqətlə izləyirik, təbii olaraq vəziyyətin gərginləşməsindən narahatıq, tərəfləri təmkinli olmağa, ən əsası, üçtərəfli sazişin məlum sənədlərinin bütün müddəalarına əməl etməyə çağırırıq", - mətbuat katibi bildirib.

Peskovun sözlərinə görə, Rusiya Federasiyası ilə Ermənistan arasında müxtəlif səviyyələrdə sıx təmaslar İrəvanın rus sülhməramlılarının işi ilə bağlı suallarına aydınlıq gətirməyə kömək edəcək:

"Əsas başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Əsas odur ki, tərəflər bu sənədlər üzrə götürdükləri bütün öhdəlikləri yerinə yetirsinlər. Suallar varsa, təbii ki, onlara cavab verilməlidir. Eyni zamanda, erməni tərəfi ilə müxtəlif səviyyələrdə mövcud olan sıx təmaslarımız mövcud məsələlərə aydınlıq gətirməyə imkan verəcək".

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağda baş verənlər Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur.

D. Peskov Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin bir-birinə zəng edə biləcəyini, Putinlə Ərdoğanın (sabah Soçidə görüşəcəklər - red.) vəziyyətlə bağlı fikir mübadiləsi aparacağını da istisna etməyib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. /Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ