"Hamı saxta paylaşımlara qarşı diqqətli olmalıdır" - Millət vəkilindən MÜRACİƏT


Milli Məclisinm deputatı Aqil Məmmədov bəzi media orqanlarında və sosial şəbəkələrdə millət vəkillərinin, ayrı-ayrı məmurların adından yayılan saxta paylaşımlarla bağlı ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Hörmətli həmvətənlər

Fəaliyyətim dövründə hər zaman media nümayəndələrinə həssas yanaşmış, onların peşə fəaliyyətlərini dəstəkləmişəm. İnanıram ki, qərəzsiz media sağlam cəmiyyət üçün əsas amillərdən biridir. Məhz, bu səbəbdən, bu günə qədər istənilən media nümayəndəsinin, istənilən mövzudaki suallarını cavablandırmışam.

Bu gün Azərbaycanda söz, ifadə azadlığı yüksək səviyyədə təmin olunub. Siyasi, ideoloji baxışlarından asılı olmayaraq bütün media resursları, həmçinin, vətəndaşlar social şəbəkələr vasitəsilə öz fikirlərini ifadə edirlər. Bu, pluralist atmosferin təminatı isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və mövcud qanunvericilik, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdir.  

Təəssüf ki, bəzi hallarda media adından çıxış edən bəzi resursların xəbərlərin qərəzsiz şəkildə çatdırmasını yox, başqa, çirkin məqsədlərə xidmət etdiyini görürük. Bu kateqoriyadan olan saytlar və sosyal media səhifələri bəzən saxta müsahibələr və bəyanatlar tərtib edərək guya dövlət və hökümət nümayəndələrinin, deputatların fikirləri qələmə verir və yayırlar. Bu saxta, yalan  paylaşımlar isə inanlarda haqlı qıcıq doğurur, Bəzənsə fikirlər kontekstdən çıxarılır, təqdimat yanıldıcı hala gətirilir, seçilən mövzular və verilən suallar daha sonra spekulasiyalara yol açacaq şəkildə sistemləştirilir, ictimai fikir çaşdırılır.

Əlbəttə, bütün bunlar müxtəlif dövlət və hökümət nümayəndələrinin, millət vəkillərinin nüfuzuna xələl gətirmək, onların imicini ləkələmək,  görülən işlərə kölgə salmağa hesablanır. Bəzi media resurslarının ayr- ayrı şəxslərin və maraq qruplarının əlində alətə çevrilməsi, vicdanlı jurnalistlərin və qərəzsiz  medianın da fəaliyyətini çətinləşdirir.

Hörmətli həmvətənlər.

Artıq, bu cür qarayaxmalardan, yalançı “açıqlamalar”dan heç kim sığortalanmayıb. Heç vaxt söylənməyən, söylənməsi mümkünsüz olan bu cür saxta postlar hansısa qüvvələr tərəfindən hazırlanır, sosial şəbəkələrdə ironik, sadə insanlarda qıcıq yaradacaq  tərzdə paylaşılır.  Belə saxta paylaşımlara qarşı həssas diqqətli olmağınızı xahiş edirəm.  

Eyni zamanda, bildirirəm ki, bu kimi halların təkrarlanacağı halda, müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu kimi halların qarşısının alınması, insanlarda yanlış fikirin yaranmaması, ictimai rəydə çaşqınlıq yaranmaması üçün bundan sonra etimad etdiyimiz, toplum tərəfindən ciddi media kimi qəbul edilən informasiya resursları ilə əməkdaşlığı daha  məqsədəuyğun hesab edirik.

İnanırıq ki, sözün əsl mənasında şərəfli jurnalistika peşəsinin yükünü çiyinlərində daşıyanlar bu qərarımızı anlayışla qarşılayacaqlar.


MANŞET XƏBƏRLƏRİ