Babək və Xürrəmilər haqqında bilmədiyimiz yeni faktlar - Ərsakilər ilə nə bağlılıq var?


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Araz Şəhrili
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü

Ərəb istilası zərdüştiliyi Azərbaycandan, o cümlədən Muğan torpaqlarından silib yoxa çıxardı. Bir neçə yüz il sonra isə azərbaycanlılar bu dinin əsas daşıyıcılarının – maqların adını da unutdular.

Yalnız XIX–XX əsrlərdə tarix elminin inkişafı sayəsində öyrəndik ki, vaxtilə Muğanda belə bir tayfa yaşamış, Zərdüşt ruhanilərinin çoxu həmin maqlardan olmuşdur.

Lakin adın itməsi heç də həmişə məzmunun da yox olması anlamına gəlmir. Muğanın əsas yaşayış məskənlərindən birindən – Salyandan çıxmış ruhanilər İslam aləmində həmişə xüsusi nüfuza malik olmuşlar. Təkcə bunu demək kifayətdir ki, Qafqaz müsəlmanlarının on iki şeyxülislamından üçünü Salyan mühiti yetişdirmişdir.

Haşiyə: Ərəb dilində atəşpərəst, zərdüşti mənalarını verən "məcusi" sözü ilə latın dilindəki "magus" sözünün mənşəyi eynidir. Bisütun yazılarında bu söz "maquş" formasındadır.

Zənnimizcə, alman dilindəki "machen" (etmək), macht" (güc), ingilis dilindəki "may" (bacarmaq), rus dilindəki "помощь" (kömək), "мощь" (güc), "могучий" (qüdrətli) sözləri, Azərbaycan dilindəki "kömək" sözü və "maq2" şəkilçisi (qurmaq, yaratmaq, etmək, görmək, udmaq və s.) məhz maq etnonimi ilə əlaqəlidir.

Fikrimizcə, ərəb istilaçılarının, əslində, zərdüşti olmayan xürrəmiləri məcusi, yəni maquş, magus, maq adlandırmaları səbəbsiz deyildi. Babək hərəkatının əsas dayaq məntəqələri məhz maqların vaxtilə yaşadıqları ərazilərdə – Muğanda və Ərdəbildə yerləşirdi.

Xürrəmilərə məcusi adının verilməsi onu göstərir ki, maqlar Babəkin (798–838) dövründə də bu torpaqlarda yaşamış və qədim zamanlarda olduğu kimi cəmiyyətin həyatında fəal iştirak etmişlər. Maqların varlığı isə, öz növbəsində qədim ənənələrin bir çoxunun, o cümlədən, köklü şah nəsillərinə ehtiramın qorunub-saxlanması demək idi.

No description available.

Əsrlər boyunca Azərbaycanda Ərsaki soyu müqəddəs nəsil hesab olunmuşdur. Zənnimizcə, nə Sasanilərin çevrilişi, nə Ərsaki şahlarının qətli, nə də ərəb istilası bu təsəvvürləri ciddi şəkildə dəyişdirə bilərdi. Azərbaycan Ərsakilərin vətəni idi. Onlara burada olan münasibəti yalnız İslamdan sonrakı dövrlərdə seyidlərə olan münasibətlə müqayisə edə bilərik.

Qədim Roma tarixçisi Ammianus Marsellinus (330–400) yazırdı: "İranda Ərsakilər bütün nəsillərdən üstün sayılır. Hər bir iranlı hətta daxili qarşıdurmalar zamanı belə, döyüşçü və ya sadə insan olmasından asılı olmayaraq, bu nəslin istənilən nümayəndəsinə əl qaldırmağı ən böyük günah hesab edir". (Аммиан Марцеллин. "Деяния", книга XXIII, 6 (2))

Ərsaki soyunun unudulması, adiləşməsi üçün əhalinin nəzərində daha üstün dərəcəyə malik başqa bir nəsil ortaya çıxmalı idi. Müəyyən bir dövrdən sonra həqiqətən də belə oldu. Ərsakiləri Ələvilər əvəz etdilər. Babəkin zamanında bu proses artıq başlanmış, lakin hələ yekunlaşmamışdı. Ehtimalımıza görə, köhnə nəsillər ən azı IX əsrin sonlarınadək yerli əhali arasında öz mövqelərini qoruyub saxlamışdilər.

Haşiyə. Ərəb dilindəki "seyid", ingilis dilindəki "saint", türk və monqol dillərindəki "sayın", türk və yapon dillərindəki "san" sözlərinin bir-birinə bənzədiyini görmək üçün peşəkar linqvist olmağa ehtiyac yoxdur.

E.ə. III əsrə aid "Protogenin şərəfinə Olviya dekreti"ndə belə bir maraqlı məlumat vardır: "Çar skifləri (sakaları) özlərini sayi adlandırırlar. Digər skiflər (sakalar) isə onlara müxtəlif hədiyyələr verirlər". (Студопедия – Декрет в честь Протогена.https://studopedia.info/4-55916.html .)

Tanınmış rus alimi, skif–sarmat arxeologiyası üzrə mütəxəssis Boris Qrakov (1899–1970) hesab edirdi ki, skiflərin "sayi" sözü qədim "hşaya" (şah) titulundan törənmişdir.

Zənnimizcə, ərəb dilindəki "seyid" sözünün də mənşəyi qədim saka xalqının "hşaya", "şah" tituluna bağlıdır. Təsadüfi deyil ki, bu gün də bəzi ölkələrdə İmam Əlini və İmam Hüseyni həm də Şah adlandırırlar.

Babəkin oğlu Roma imperiyasının taxt-tacına namizədn idi...

Ərsakilərin nüfuz və hörmətinin qaldığı bir dövrdə ən çox pərəstiş edilən, sevilən şəxsiyyətlərdən biri də Babək idi.

Bu, düşündürücü məsələdir. Babəkin Muhəmməd Peyğəmbərin nəslindən olmadığı bəllidir. Belə isə onun Ərsaki soyundan olduğunu iddia edə bilərikmi?

İslam mənbələrinə əsasən, Babəkin atasının adı Abdullah, anasının adı isə Bərumənd olub. Onlar Azərbaycanın Bilalabad (və ya Kəlanrud) kəndində yaşayıblar. Bir gözü görməyən Bərumənd bu kəndin yerli sakinlərindən idi.

Ailəsini yağ satmaqla dolandıran Abdullah isə buraya vaxtilə Ərsakilərin qış paytaxtı olmuş, xarabalıqları bugün də İraqın paytaxtı Bağdaddan 32 kilometr aralıda yerləşən Mədain şəhərindən gəlmişdi.

Müsəlman salnaməçilərinin yazdıqlarına görə, Əməviləri devirib Abbasiləri hakimiyyət başına gətirmiş xorasanlı sərkərdə Əbu Muslimin (718–755) qızı Fatimənin oğlu Mütəhhər Babəkin ata babası idi. Qeyd etmək lazımdır ki, Əbu Muslim Abbasi xəlifəsi Abdullah əl-Mənsurun (714–767) əmri ilə qətlə yetirilmişdi.

Babəkin valideynləri haqqında məlumatların doğruluq dərəcəsini bilmirik. Lakin aydın olan budur ki, informasiya müharibəsi (dezinformasiyaların ötürülməsi) bütün dövrlərdə hərbi əməliyyatları və siyasi qarşıdurmaları müşayiət etmişdir.

Haşiyə. İslam ənənəsinə görə, On İkinci İmam Mehdinin zühurundan əvvəl ortaya Dəccal adlı bir şəxs çıxacaq. O, İblisin sonuncu böyük xidmətçisi olacaq. Dəccal Yer üzündə zülmkar bir rejim qurub özünü ilah kimi təqdim edəcək. Sonda İmam Mehdi Dəccalı öldürüb bəşəriyyəti onun zülmündən, fitnə-fəsadından qurtaracaq.

Hədislərdə Dəccal təkgözlü bir varlıq kimi təsvir edilmişdir. Görünür, Babəkin anasının guya təkgözlü olduğunu az qala bütün salnamələrdə xüsusi vurğulayan Abbasi tarixçiləri Azərbaycan xalqının bu qəhrəman övladını belə bir yolla Dəccala bənzətmək istəyirdilər.

Fikrimizcə, Babəkin şah nəslindən olduğunu göstərən üç dəlil vardır:

- Bunlardan birincisi xürrəmilər hərəkatının rəhbəri Cavidan ibn Şəhrəkin (?–816) Babəki, 18 yaşlı "kəndlini" Bəzz qalasına aparıb öz varisi elan etməsidir.

- Digəri Babəkin öz sözləridir: "Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən şah adını daşıyıram və harada olsam, barəmdə harada nə danışsalar, yenə də şah olaraq qalacağam".

- Üçüncüsü isə Teofobosun (820 və ya 822–842) müəmmalı şəxsiyyəti ilə bağlıdır.

İslam tarixçisi və sufi şeyxi Əbu Muhəmməd Abdullah ibn Əsəd əl-Yafei əl-Yəməni (1298–1367) özünün "Mirat əl-cinan və ibrət əl-yəqzan fi mərifət həvadis əl-zəman və təqəlləb əhval əl-insan" əsərində yazırdı: "833-cü ildə Həmədan əhalisinin əksəriyyəti xürrəmiliyi qəbul etdi.

(davamı var)


MANŞET XƏBƏRLƏRİ