Məhərrəmlikdə toyların dayandırılması iddialarına cavab: "Ərəb bizik, ağlayan siz..."


İyunun 30-da Məhərrəm ayı başlayıb. Bu ay yaxınlaşanda bir çox insanlar toy, nişan kimi mərasimləri tezləşdirdilər. Ölkədə "Məhərrəmlikdə toy etmək olmaz" fikri uzun illərdir davam etməkdədir. Maraqlıdır, niyə bu ayda toy etmək olmaz? Həqiqətən belə bir qayda varmı?

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Teleqraf.com-a açıqlamasında bildirib ki, Məhərrəm ayında toy keçirilməməsi Azərbaycanın bütün bölgələrinə aid məsələ deyil.

Onun sözlərinə görə bu gün şimal və qərb bölgələrində, əsasən Qazax, Zaqatala, Balakən, Şəki kimi yerlərdə toylar hər zaman keçirilib və indi də keçirilir: "Əksinə, bu regionlar toy etməyənlərə qəribə baxırlar. Çünki adamların həyat tərzidir. Əsasən cənub bölgəsi, özünü müəyyən məhzəbə aid edən şəxslər məhərrəm ayında toy təşkilindən imtina edirlər.

Digər tərəfdən Azərbaycanda istirahətdə olan ərəb turistlərə diqqət edək. Onlar bizdən sorşurlar ki, niyə bu ayda toy etmirsiniz? İmam Hüseynə görə? İmam Hüseyn ərəb olmayıb? Biz ərəbik, amma Məhərrəm ayında qadağa qoymuruq, istirahətə gəlmişik. Amma siz ağlayırsınız, şad mərasimlərdən qaçırsınız".

İlahiyyatçının fikrincə bu ayda şadlıq məclislərinin təşkilini dayandırmaq dar düşüncənin təzahürüdür: "Bu məsələni peyğəmbərin nəvəsinin qətlə yetirilməsi ilə əlaqələndirirlər. Amma burada başqa məsələlər də var. Niyə imam Hüseynin böyük qardaşı imam Həsəni, peyğəmbərin ən çətin anında yanında olan Həmzəni xatırlamırlar?

Yaxud peyğəmbər öz sağlığında ölən qızına, oğluna bircə həftə yas saxladımı? Sonrakı illərdə bunu davam etdirdimi? Bu, nə məsələdir?

Keçən il də bu məsələ gündəmə gəldi, bəziləri dedi ki, yox, bu aylarda toy etmək olmaz, uşaqlar şikəst olur. İnsanları qorxutmaq üçün belə miflərdən istifadə olunur. Yaxşı, Azərbaycanda o ayda toy edən qəzaya düşür, bəs Amerikada toy edənlər də qəzaya düşürmü? Həmin gün şənlənənlərin kefi pozulur? Bununu yalnız Azərbaycanla, müəyyən məsələ ilə əlaqələndirənlərin acı təfəkkürünün nəticəsidir.

Ötən illərdə pandemiya səbəbi toylar qadağan edilmişdi. Qaydalar yumşalanda Məhərrəm ayı gəlməsinə baxmayaraq insanlar toylarını etdilər. Təkcə Aşura günü paytaxtda 20-dən çox toy oldu. İnsanları bu yolla çəkindirmək olmaz.

İslam sevgi dinidir. Ağlaşma, yas dini deyil. Bunu edən insanlar həqiqətən o qədər səmimidirlər ki, 44 günlük müharibədə şəhid olan oğullarımıza görə həmin ərəfədə toy edəcəklərmi? Halbuki orada 3 min övladımız şəhid olub".


MANŞET XƏBƏRLƏRİ