“Çünki istifadə edirsiniz” - Çavuşoğludan almaniyalı həmkarına sərt cavab - VİDEO

“Çünki istifadə edirsiniz” - Çavuşoğludan almaniyalı həmkarına sərt cavab - VİDEO

Türkiyənin xarici işlər naziri Çavuşoğlu almaniyalı həmkarı Berbok ilə təkbətək görüşüb. Görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib. Çavuşoğlu alman nazirin üzünə qarşı atılan yanlış addımları bir-bir sadalayıb.

Turkustan.az xəbər verir ki, Türkiyə və Ukraynanın sıx əlaqələrinin olduğunu qeyd edən Berbok İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair təşəbbüs sənədi”nə dair imzalanmış sazişə toxunub.

Berbok vurğulayıb ki, bu razılaşma sayəsində Odessa limanından taxıl ixracı 5 aylıq fasilədən sonra başlayacaq. "Bu, bəşəriyyət üçün bir ümid şüasıdır. Türkiyə bu problemin həllində böyük uğur əldə edib. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk”, - deyə o bildirib.

Berbok Türkiyənin Qara dənizdə təhlükəsizliyə mühüm töhfə verdiyini və bu çətin dövrdə iki ölkənin NATO tərəfdaşı olaraq bir-birinə dəstək nümayiş etdirdiyini qeyd edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə öz növbəsində son vaxtlar Almaniyada PKK-nın fəallığının artdığını bildirib: “Terrorla bağlı narahatlığımızı bildirdik. Başda PKK, YPG, PYD və FETÖ olmaqla terror təşkilatlarına verilən dəstəyin müttəfiqlik ruhuna uyğun olmadığını bir daha qeyd etmək istəyirəm”.

Çavuşoğlu bildirib ki, ikitərəfli görüş zamanı terrorla mübarizə mövzusu müzakirə olunub:

“Biz terrorla bağlı narahatlığımızı da onlara çatdırmışıq. Başda PKK, YPG, PYD və FETÖ olmaqla terror təşkilatlarına verilən dəstəyin müttəfiqlik ruhu ilə bir araya sığmadığını vurğulamaq istərdim. Bu yaxınlarda mən PKK-ın Almaniyadakı fəaliyyəti ilə bağlı sənədi xanım Berboka verdim. Biz bu terror təşkilatının fəallığının artdığını müşahidə edirik. Mən də Ştutqartdakı Baş Konsulluğumuza məxsus avtomobilin yandırılmasından sonra Almaniya rəsmilərindən reaksiyamızı və gözləntilərimizi bölüşdüm”.

Türkiyənin terror təşkilatlarına qarşı mübarizədə konkret addımlar və aktiv əməkdaşlıq gözlədiyini vurğulayan Çavuşoğlu əlavə edib: “Təəssüf ki, müdafiə sənayesi məhsullarına məhdudiyyətlər davam edir. Bu, tərəfdaşlıq ruhunda deyil. Müttəfiqlər arasında belə maneələr olmamalıdır”.

Avropada irqçilik və anti-İslamçılığın artmasının narahatlıq doğurduğunu qeyd edən Çavuşoğlu: “Biz hesabat hazırlamışıq. Bu, həqiqətən də ciddi artımdır. Məscidlərin və müsəlman təşkilatlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsini gözləyirik”.

Yunanıstan razılaşmaları pozur və adaları silahlandırır

Türkiyənin Egey və Aralıq dənizlərində Yunanıstanla münaqişəsi olduğunu qeyd edən nazir Çavuşoğlu bu sözlərlə davam edib: “Ancaq təbliğata inanmaq, mübahisəli məsələlərdə tərəf tutmaq yanlışdır. Almaniyadan gözlədiyimiz bu deyil”.

Türkiyənin Yunanıstanla münaqişəli məsələlərin sülh yolu ilə həlli üçün səylər göstərdiyini, lakin Yunanıstanın Türkiyəyə qarşı qara təbliğatını davam etdirdiyini bildirən Çavuşoğlu Türkiyənin bu mövzuda Birləşmiş Millətlər Təşkilatına (BMT) göndərdiyi məktubun çox aydın və birmənalı olduğunu bildirib.

Şərqi Egey adalarının qeyri-hərbi statusu ilə bağlı beynəlxalq razılaşmalara toxunan Çavuşoğlu deyib: “Bu adalar 1923-cü il Lozanna və Paris sülh müqavilələri və 1947-ci il Paris sülh müqaviləsi ilə bəzi şərtlərlə Yunanıstana verilib. Yunanıstan onları silahlandıra bilməz, lakin Yunanıstan bu razılaşmaları pozaraq adaları silahlandırır: “Əgər beynəlxalq hüquqdan danışırıqsa, Yunanıstanı sırf Avropa Birliyinin üzvü olduğu üçün müdafiə etmək düzgün deyil”.

 


MANŞET XƏBƏRLƏRİ