Azərbaycanda həbsxanadakı qadınların intim həyatı: O zaman cinsi əlaqəyə girə bilər ki…


Cəza müəssisələrində məhbus həyatı yaşayanların kimlərlə görüşünə icazə verilməsi, onların intim həyatı, məhbəsin daxili qaydaları çoxlarına maraqlıdır.

Qadın və kişi məhbusların ayrı cəzaçəkmə müəssisələrində saxlandığı, nəzarətçilərin də müəssisə sakinləri ilə eynicinsli olduğu halda məhbus qadının uşaq dünyaya gətirməsi suallar doğurur. Bu və ya digər halların qanuni və ya qeyri-qanuni olduğu məqamlara aydınlıq gətirməyə çalışdıq.

"Məhbusların müəyyən qrafik əsasında görüş keçirməsinə heç bir məhdudiyyət yoxdur. Yaxın dost-tanış üçün qısamüddətli görüş var və bu, nəzarətçinin müşayiəti ilə baş tutur. Belə görüşlərə kameralar vasitəsilə də nəzarət olunur. Bir də uzunmüddətli görüşlər var ki, belə görüşlərə yalnız ailə üzvləri gələ bilər. Ər-arvad görüşü də uzunmüddətli görüşə daxildir və yalnız nikah kağızı əsasında baş tutur. Yəni onların ər-arvad olduğunu təsdiqləyən sənəd olmazsa, uzunmüddətli görüşə icazə verilə bilməz. Ər-arvadın görüşdüyü otaqlarda kamera quraşdırılmır, çünki bu, onların hüquqlarına ziddir, şəxsi həyata müdaxilə sayılır".

"Şəxsin razılığı olarsa, zorlama sayılmır"

Turkustan.Azteleqraf-a istinadla bildirir ki, zorlamanın şəxsin iradəsinin əleyhinə hadisə sayıldığını deyən müsahibimizin sözlərinə görə, əgər bu, razılıqla baş versə, zorlama deyil: "Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu türmədə də nikahdankənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər".

"Qadını günahlandırmaq olmaz"

Qadın məhbusların qapalı şəraitdə saxlanmaları bir yana, nəzarətçilərin kişi yox, qadın olması həbsxanada cinsi münasibətləri qeyri-mümkün edən amil sayılır.
Hüquqşünas Müzəffər Baxışov deyir ki, məhz bu səbəbdən məsələ mütləq araşdırılmalıdır. Çünki bunda Penitensiar Xidmət əməkdaşlarının da nüfuzuna xələl gətirən nüanslar var: "Təcavüz nəticəsində qadın hamilə olubsa, məsələ bu nöqteyi-nəzərdən mütləq araşdırılmalıdır. Yox, əgər xanım qanuni prosedurların imkan verdiyi şəkildə və könüllü olaraq kiminləsə əlaqədə olub, övlad dünyaya gətiribsə, bu məqamda Penitensar Xidmət və həmin qadını günahlandırmaq olmaz. Məsələnin əsas tərəfi təcavüz, zorlanma faktının olmasını araşdırmaqdır. Bu məsələdə müəssisə rəhbərliyinin vəzifəsindən sui-istifadə halları da ola bilər ki, buna görə cinayət işi başlamaq olar".

"İctimai yükü olduğundan hadisə təhlil edilməlidir"

Hüquqşünasın sözlərinə görə, qadın və kişi həbsxanalarında nəzarətçilər eynicinsli olduğu üçün onların cinsi ehtiyaclarını yerinə yetirmələri çətindir. Amma müəssisələrdə müəyyən vəzifələr var ki, onu ancaq əks-cinsin nümayəndəsinə tapşırılır.

Ümumiyyətlə, məhbus qadının istəyindən asılı olaraq könüllü cinsi əlaqədə olması mümkündür və bu, qanunla qadağan deyil: "Yaşı 16-dan yuxarı şəxslərin istənilən şəxslə könüllü şəkildə cinsi əlaqəyə girməsinə məhdudiyyət yoxdur. Yalnız fahişəlik məqsədilə edildikdə İnzibati Xətalar Məcəlləsinin 108-ci maddəsinə görə, o, 80 manat cərimə olunur. Bu, həbsxanada baş verərsə, vəziyyətdən asılı olaraq hadisəyə qiymət verilməlidir.

Belə ki, əgər şəxs könüllü şəkildə cinsi əlaqəyə girirsə, buna görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayıb. Amma cəzaçəkmə müəssisəsinin işçiləri öz vəzifələrindən sui-istifadə ediblərsə, müəyyən təzyiq göstərməklə münasibətdə olublarsa, Cinayət Məcəlləsinin 149.1-ci və 308-ci maddəsinə görə cinayət məsuliyyəti daşıyırlar".

Müzəffər Baxışov deyir ki, qanunvericiliyin tələblərinə görə, əslində prokurorluq orqanları belə hadisələri araşdırmalı, ictimai yükü olan və rəsmi qurumların nüfuzuna xələl gətirən faktı ətraflı təhlil etməlidir. Bu, yalnız kütləvi informasiya vasitələrinin araşdırmaları ilə məhdudlaşdırılmamalıdır.

"Gərək nikah şəhadətnaməsi olsun"

Qadın cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində çalışan Rəna Həsənova (ad-soyad şərtidir) deyir ki, məhbusların yaxınları ilə ayda iki dəfə - 15 gündən bir qısamüddətli görüş, 3 aydan bir isə uzunmüddətli - 3 günlük görüş imkanı olur.
Sonuncu prosedurun ailələrə şamil edildiyini deyən nəzarətçinin sözlərinə görə, həbsxanada cinsi əlaqədə olmağa yalnız ər-arvadlara icazə verilir: "Bu, uzunmüddətli görüşlərə aiddir və 3 gün müddəti var. Bu müddət ərzində ər-arvad cinsi əlaqədə ola bilər və bunun üçün onlara şərait yaradılır. Amma gərək onların evliliyi təsdiq edən nikah kağızı olsun. Hətta nişanlı cütlüklərin belə uzunmüddətli görüşünə icazə verilmir".

Həbsxananın uşaqlı sakinlərinin taleyinə gəlincə, hazırda qadın cəzaçəkmə müəssisəsində körpəsi ilə yaşayan və ətrafında mübahisələr yaranan təkcə Lamiyə Quliyeva deyil.

Rəna Həsənova deyir ki, bütün körpə uşağı olan analar üçün müəssisədə xüsusi otaqlar var. Amma körpə uşağın olması cəza müddətinə və qaydalara təsir etmir. Bu, yalnız istisna hallarda amnistiya aktında nəzərə alına bilən səbəblərdən biri ola bilər.
Müsahibimizin sözlərinə görə, cəzaçəkmə müəssisələrində doğulan uşaqlar 3 yaşdan sonra analarının əlindən alınır. Uşaqda psixoloji travmanın yaranmaması üçünsə prosesə psixoloqlar cəlb olunur.

Azərbaycanda təxminən 350-400 nəfərə yaxın dustaq qadın olduğunu deyən nəzarətçinin sözlərinə görə, onların təxminən 70 nəfəri azyaşlı uşağa sahibdir.
Həbsxanada doğulan uşağın 3 yaşınadək cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququnu qanunvericilik də tanıyır. Həmin müddət bitdikdən sonra uşaq ananın əlindən alınaraq ya ailə üzvlərinə, ya da internata verilir.


MANŞET XƏBƏRLƏRİ