Rollan Seysenbayev: Xaqının ruhunu yaşadan yazıçı


Gürcüstanda doğulmaq, ruhuyla Azərbaycana, köklərilə Türkiyəyə, taleyilə Qazağıstana bağlı olmaq da hər adamın qismətinə düşmür...

Türkiyəyə bağlılığımız(anam tərəfdən Qarsda qohumlarımızın olması)üzündən ailəmiz 1948-ci ildə Stalin repressiyasının qurbanı olub, 1953-cü ilədək Qazağıstanda sürgün həyatı keçirib. Böyük qardaşım Aktübinsk(indiki Aktöbə)vilayətində elə Stalinin adını daşıyan kolxozun yerləşdiyi aulda doğulub. O vaxt 4-9 yaşlarında olan, hələ də sürgün havasını unuda bilməyən dayımın yaddaşında çox az şeylər qalıb. Mənimsə yadımdadı, ata-anam, nənəm bəzən evdə bizdən gizli bir sözləri olanda öz aralarında qazaxca danışardılar, mən də o tanış, doğma sözlərin sehrinə düşərdim. Qazaxların müdrik akınları Abay və Şakərimin adlarını da hələ 60-cı illərdə onlardan eşitmişdim. Onda Qazağıstan məndən ötrü nağılvari, sirli-sehirli bir məmləkət idi.

Ömrüm boyu görməyi arzuladığım türk yurdlarından birinə - Qazağıstana, az qala, 60 yaşında yolum düşdü. Amma onda artıq müstəqilliyinə qovuşmuş bu məmləkətin sirrini bir qədər çözə bilmişdim: tarixindən, mədəniyyətindən, çox şeylər öyrənmiş, kitablarını oxumuş, musiqisini dinləmiş, filmlərinə baxmışdım, Muxtar Auezov, Oljas Süleymenov, Sətimjan Sanbayev, Rollan Seysenbayevin... yaradıcılığına bələd idim, Abayın "Qara söz"ü, Oljasın "Az i Ya"sı stolüstü kitabım idi, 1986-cı ildə Almatıda baş vermiş qanlı hadisələrdən ağrımış, həmim məqamda "sovet düşüncəm"dəki təbəddülatları daha aydın duymuşdum.

2017-ci ildə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli ilə birgə görkəmli alim və söz adamı, Qazağıstan MEA-nın vitse-prezidenti, Əl-Fərabi adına Qazağıstan Milli Universitetinin rektoru Ğalım Mutanovun dəvətilə "IV Əl-Fərabi və müasirlik" forumuna yola düşəndə qardaş məmləkətə sevgimin daha da artacağına əmin idim. Düzdü, ailəmizin sürgündə yaşadığı yerləri görmək mənə nəsib olmadı, amma əvəzində qazaz xalqının milli dəyərlərindən, qazax ədəbiyyatının canlı klassiklərindən biri olan nasir, dramaturq, naşir, ictimai xadim Rollan Seysenbayevlə, üstəlik, Dağıstan Yazıçılar İttifaqının sədri, Dağıstanın Xalq Şairi Məhəmməd Əhmədovla dostluq və yaradıcılıq ünsiyyətimizin təməli qoyuldu...

II

Rollan Şakenulının yaradıcılığıyla 80-ci illərdən, daha doğrusu, şəxsi kitabxanam üçün aldığım ""Drujba narodov" jurnalının kitabxanası" seriyasından "Dekabr günləri"(1987)nəsr toplusu ilə tanış oldum. Bəlkə də kino mühitinin bənzərsiz təsvirinə görə, o kiçikhəcmli roman məni müəllifin yaradıcılığına daha geniş miqyasda baxmağa vadar elədi. Yazıçının bir bir-birinin ardınca "Şərəf", "Qaçış", "Heçliyə pilləkən", "Şeytan taxtı", "Əgər yaşamaq istəyirsənsə" əsərlərini oxudum, haqqında o vaxt "Ağ arvana" povestilə çox məşhus olan Sətimjan Sanbayevlə birgə müasir qazax nəsrinin sütunlarından biri kimi təsəvvürüm formalaşdı. Sonralar onun "Səhranın sərgərdan ölüləri", "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün", Gecə səsləri" əsərlərində də bədii təfəkkürlə qlobal təfəkkürün heç də hər bir qələm əhlinə qismət olmayan monolit vəhdətini sezdim.

Rollan Seysenbayevin insani və yaradıcılıq bioqrafiyası bütün yaradcılığına səpələnib. O, böyük Abay və Şakərimin mənsub olduğu arqın tayfasının tobıktı nəslindəndi(qazax xadimlərinin vikipedik məlumatlarında bu məlumat mütləq yerləşdirilir),hər iki böyük ustada həm qanı, həm də ruhuyla bağlıdı. Babası və atası ötən əsrin 30-cu illərinin aclıq, sonra da müharibə fəlakətindən keçib. 1946-cı ilin bir payız günü Semipalatinskdə - Semeydə dünyaya gələn Rollan Şakenulı yeddi yaşında daha böyük fəlaklətlə - atom fəlakətilə üzü-üzə qalıb."...Çingiz dağlarında yaşayan adamları bədbəxtlik əlli üçüncü ilin yayında yaxaladı,- o,"Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" əsərində yazır. - Bircə saatda hər şeyi bürüdü... Aulun yaxınlığında qoyun-keçi otaran uşaqlar qəfildən qorxunc səslər – qışqırıq, bağırtı, qadın fəryadı - eşitdilər. Qoyun-keçini çöldə qoyub ayaqyalın, bir-birinin bəhsinə aula doğru götürüldülər. Orda isə ağlagəlməz hadisə baş verirdi: adamlar qucaqlaşır, vidalaşır, and içir, and içdirir, qışqırır, hönkürüb ağlayırdılar. Hər şey, hamı bir-birinə qarışmışdı, biz, uşaqlar da ağzımızı açıb dayanmışdıq, nə olub-keçdiyini, sakit, rahat aulumuzun camaatını hansı bədbəxtliyin bu qədər kədərləndirdiyini dərk eləmirdik..."

Balaca Rollan milyonların taleyini şikəst eləyən o fəlakətdən sağ-salamat qurtula bilib, elmə-biliyə böyük dəyər verən babası və ata-anası sayəsində meylini kitablara salıb, amma az sonra ruhunda zəlzələ baş verib:"...Əlimin altında yalnız nazik bir kitab qalmışdı. Üz qabığında yazılanlar cismimi lərzəyə saldı: Oljas Süleymenov. Arqamaklar. Kitabdakı şeirləri birnəfəsə oxudum. Dönüb bir də oxudum. Bir daha oxudum. Şeirin misraları ruhumu qidalandırdı. Ehtiraslı, ağıllı, orijinal fikirlər düşüncələrimi tüğyana gətirdi..."Bəlkə, elə o nazik kitab bütün həyatını dəyişdirib, politexnik və texnoloji təhsillər belə Sözə doğru gedən yolunu kəsə bilməyib.

Rollan Seysenbayev Moskvada, Ali Ədəbiyyat Kurslarında oxuyanda otuz yaşlarında, artıq formalaşmış yazıçı idi, ilk hekayə və povestləri ədəbi aləmin diqqətini çəkmiş, dramaturgiyada qüvvəsini sınamış, ümumittifaq müsabiqəsinin qalibi olmuşdu. 1978-ci ildə Moskvada Daniil Qraninin ön sözüylə nəşr olunan "Son qar" kitabı, ovaxtın nüfuzlu respublika Lenin komsomolu, SSRİ Yazıçılar İttifaqı və ÜİHİMŞ-ın mükafatları isə yalnız onun respublika və ittifaq miqyasında etirafı idi.

Rollan Şakenulı o dövrdə bir müddət Moskvada yaşamalı olub, iyirmi il SSRİ Yazıçılar İttifaqının qazax ədəbiyyatı üzrə məsul katibi kimi çalışıb, qazax yazıçıların ümumittifaq və dünya ədəbi meydanına çıxmaları üçün əlindən gələni əsirgəməyib, üstəlik, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda nəsr emalatxanasına rəhbərlik eləyib, istedadlı qələm sahiblərinin özlərini tapmalarına yardım göstərib. O illərdə Oljas Süleymenov "Az i Ya" kitabı üzündən ədəbi aləmdən təcrid olunanda Rollan Şakenulı böyük söz ustasının ən etibarlı dayaqlarından biri olub, inadkaqrlığı sayəsində Ustadının kitabını nəşriyyatın planına saldıra, həm də görkəmli ədəbiyyatçı Yevgeni Sidorova ön söz yazdıra bilib.

Yazıçı haqqında "Rollan Seysenbayev kodu" monoqrafiyasının müəllifi Rüstəm Janqujinin obrazlı şəkildə ifadə elədiyi kimi, o,"...meqa-şüurunda Abay və Şakərimin genlərini qayğıyla qoruyub-saxlayır, öz fəlsəfi və poetik görümündə qazax milli düşüncəsinin çoxölçülü konstruksiyasını yaşadır".Bu, çalarlar özünü onun dramaturgiyasında da büruzə verir. Rollan Şakenulının pyesləri teatr səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə layiq olduğu şöhrəti gətirib.

III

Qazağıstanın öz müstəqilliyinə qovuşması Rollan Seysenbayevin qarşısında da başqa perspektivlər açdı. O, xalqının ümummilli lideri Nursultan Nazarbayevin başçılığı altında aparılan dövlət quruculuğuna bacardığı yardımı göstərdi. Prezidentin köməkçisi(1994-1996)vəzifəsini yerinə yetirdiyi illərdə qazax xalqının mənəvi dirçəlişinə yönəldilmiş proqramların yaradılmasında iştirak elədi.

Rollan Şakenulının ictimai fəaliyyətində atom sınaqlarına qarşı mübarizə və Abay irsinin təbliği başlıca yer tutur. Təsadüfi deyil ki, dünyanı nüvə fəlakətindən xilas olunmasına kiçikhəcmli, amma möhtəşəm "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" əsərini həsr eləyib, N.Nazarbayevin ön söz yazdığı bu bənzərsiz əsər dünyanın bir çox dillərində nəşr edilib. O, 1991-ci ildə Semipalatinsk poliqonunun fəaliyyətinin dayandırılmasına can atan təbliğatçılarından biri olub, bir il sonra "Nüvə sınağı qurbanları olan uşaqlara" Fondunu yaradıb, BMT-nin tribunasından dünya dövlətlərini sınaqları dayandırmağa səsləyib.

Böyük Abayı qazax xalqının milli sərvəti sayan, həyatının son 30 ilində onun irsinin yorulmaz təbliğatçısı olan Rollan Seysenbayev 1993-cü ildə Qazağıstan televiziyasında "Abay dünyası" proqramını yaradıb, iki il sonra mərkəzi Londonda yerləşən "Abay" mədəni mərkəzini, 2000-ci ildə isə Semeydə "Beynəlxalq Abay Klubu"nu yaradıb, əsərlərini dünya xalqlarının bir çox dillərinə tərcümə və nəşr etdirib. O, Abayın ingilis dilindəki nəşrini hətta Roma papası II İohanna belə çatdırıb, nəticədə Vatikan başçısı onu iqamətgahına dəvət eləyib, on beş dəqiqə nəzərdə tutulmuş görüşləri saat yarımdan artıq çəkib. Böyük mütəfəkkirin ötən il TÜKKSOYun təşkilatçılığı ilə beynəlxalq miqyasda baş tutan 175 illik yubileyi münasibətilə tərcüməmdə nəşr edilən "Qara söz" fəlsəfi traktatı da Rollan Seysenbayevin sanballı ön sözü ilə işıq üzü gördü.

"Amanat" beynəlxalq jurnalı və "R.S." Nəşriyyat Evinisə Rollan Seysenbayev qazax mədəniyyəti və ədəbiyyatını dünyaya tanıtmaq layihəsini gerçəkləşdirmək üçün yaradıb. Qazax, rus və ingilis dillərində nəşr edilən jurnalın 200 cilddən ibarət "Dünya ədəbiyyatı kitabxanası" əlavəsi də böyük mədəni hadisə kimi qiymətləndirilir. Qazağıstan Milli Universiteti yanında Dünya Ədəbiyyatı İnstitutunun direktoru kimi, o, dünya ədəbiyyatının ən yaxşı nümunələrini qazax oxucularına tanıdır. Xalq Yazıçımız Anarın "Dədə Qorqud dünyası" kitabı da həmin seriyadan nəşr edilib, planda isə "Azərbaycan klassik poeziyası" və "Müasir Azərbaycan nəsri" topluları var.

IV

Görkəmli yazıçı, ictimai xadim, dörd universitetin fəxri professoru olan, Qazağıstanın bir çox dövlət təltiflərinə layiq görülmüş Rollan Seysenbayevin yaradıcılığı nəinki Qazağıstanın, hətta keçmiş Sovet İttifaqının belə hüdudlarını çoxdan aşıb. O, Santa-Marina(ABŞ)şəhərinin fəxri vətəndaşı, Ümumdünya Mədəniyyət və İncəsənət Akademiyasının akademiki(1995), Polşanın "Qızıl Zabit Xaçı", Macarıstanın "Böyük Qızıl Cəngavər Xaçı", Kubanın "Dodtluq"(2006)ordenlərinə, İspaniyanın "Migel de Servantes", ABŞın "Mark Tven" ədəbi mükafatlarına layiq görülüb, əsərləri dünyanın bir çox dillərinə çevrilib və nəşr edilib. Türkiyədə yaşayan həmyerlimiz, mifoloq və tərcüməçi Arif Acaloğlu yazıçının "Səhranın sərgərdan ölüləri" və "Şeytan taxtı" romanlarını Türkiyə tükcəsinə çevirib.

Rollan Seysenbayevin şəxsiyyəti, yaradıcılığı və ictimai fəaliyyəti artıq Azərbaycan oxucusuna da tanışdı. Bir neçə il əvvəl yazıçının "Ata hərəti, yazud Dünyanın çökdüyü gün" əsərindən bir parçanı kiçik ön sözlə oxucularımıza təqdim eləmişdim. Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin bir neçə il əvvəl işıq üzü görən "Modern nəsrin imkanları: qazax yazıçısı Rollan Seysenbayev"(2017)portret-məqaləsi onun şəxsiyyətinə və yaradıcılığına işıq salır. Böyük ədib, Azərbaycanın sədaqətli dostu Oljas Süleymenovun anadan olmasının 85 illik yubileyi münasibətilə də Rollan Şakenulının bənzərsiz "Olljjjaaaaass!" roman-essesini dilimizə çevirib nəşr etdirdim.

Nəhayət, Qazağıstanın dövlət müstəqilliyinin, həm də Semipalatinskdə nüvə sınaqlarına son qoyulmasının 30 illiyi münasibətilə yazıçının Azərbaycanda kitabının nəşri ideyası da gerçəkləşdi. Ölkəsinin milli dəyərlərinin və mədəniyyətinin təbliğinə xüsusi həssaslıqla yanaşan möhtərəm diplomat, Qazağıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Serjan Abdıkərimovun səyi ilə Rollan Seysenbayevin "Dünyanın çökdüyü gün" adlı nəsr toplusu araya-ərsəyə fəldi. S.Abdıkərimovun böyük sevgi ilə ön söz yazdığı topluya tərcüməmdə yazıçının "Şərəf", "Qaçış", "Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" və "Dekabr günləri" kiçikhəcli romanları, "Oljas"essesi, B.Əhmədlinin portret-məqaləsi daxil edildi. Əminəm k, Azərbaycan oxucusu Rollan Seysenbayevi şəxsiyyət və yazıçı kimi bir daha kəşf eləyəcək və sevəcək.

Rollan Şakenulının bu yaxınlarda Haqqa qovuşmuş ömür-gün yoldaşı şərqşünas və mifoloq Klara Serikbayeva da qəlbində Azərbaycana böyük sevigi yaşadırdı. O, Azərbaycan mifologiyasına gözəl bələd idi, nağıllarımızı, dastanlarımızı, əfsanələrimizi yüksək qiymətləndirirdi, xüsusilə, "Koroğlu" dastanı ilə yaxından maraqlanırdı. Təəssüf ki, onun şərqşünaslarımızla arzuladığı yaradıcılıq əlaqələri gerçəkləşmədi.

Rollan Seysenbayev bu payız günlərində 75 yaşını qeyd eləyəcək. Əminik ki, ğmrünün, ən azı, 45 ilini söz sənətinə, qazax ədəbiyyatının dünyada təbliğinə, qazax milli təfəkkürünün qorunub saxlanmasına həsr eləmiş yazıçının ictimai fəaliyyəti və yaradıcılığı əsl qiymətini hələ bundan sonra alacaq.

Nəriman ƏBDÜLRƏHMANLI

2021, senyabr


MANŞET XƏBƏRLƏRİ