Əli Nağıyevdən TƏKLİF: "Türkdilli yox", "Türk dövlətləri" olmalıdır - FOTO


Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu qurumun Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türk Dövlətləri Təşkilatına qoşulması ilə bağlı təşəbbüsünün tərəfdaş ölkələr tərəfindən dəstəkləndiyini və bu iclasda bununla əlaqədar Niyyət Protokolunun imzalanacağını məmnunluqla qeyd etmiş, təşkilatın adının dəyişdirilərək "Türk dövlətləri xüsusi xidmət orqanları" adlanmasına dair təklif irəli sürmüşdür. DTX-nin rəisi dünyada cərəyan edən qlobal kataklizmlərin və proseslərin regionumuzun təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini qeyd edərək türkdilli dövlətlərin birgə fəaliyyətinə yenidən baxılmasının vacibliyinə toxunmuş, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, ekstremizm və radikalizmin yeni təzahürlərinin meydana çıxmasının, müharibə və münaqişələr nəticəsində müvafiq ölkələrdən qaçqın axının həmin insanlar arasında olan radikalyönümlü şəxslərin ölkələrarası hərəkət imkanlarının genişlənməsinə şərait yaratmasının xüsusi narahatlıq doğurduğunu bildirmişdir. Göstərilən məsələlərlə əlaqədar, türkdilli dövlətlərin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlıq münasibətlərinin maksimum dərəcədə sıx qurulmasının, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da effektiv təşkil edilməsinin, birgə səylərin bundan sonra da əzmlə davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

General-polkovnik Əli Nağıyev bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini, həmçinin Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırmış və bildirmişdir ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.

Konfransın sonunda üzv dövlətlər tərəfindən müvafiq sənədlərin imzalanması mərasimi olmuşdur.