"Vəzifəli şəxslər övladlarının adını Berlində, Parisdə, Nyu-Yorkda universitetlərə yazdırırlar ki..."


Azərbaycanda artıq bağçalara onlayn formada qeydiyyat başlanıb. Müşahidələr göstərir ki, ötən il olduğu kimi bu il də uşağını rus bölməsində qeydiyyatdan keçirmək istəyənlər çoxluq təşkil edir. Çoxları düşünür ki, övladı rus dlində təhsil alsa, gələcəkdə yüksək maaşı olan yaxşı iş tapa biləcək.

Mövzunu şərh edən Milli Məclisin deputatı Fazil Mustafa Yenisabah.az-a açıqlamasında buna səbəbin moda və paxıllıqdan başqa birşey olmadığını deyib.

"Bir çoxları görür ki, başqasının uşağı rus bölməsində oxuyur, məntiqinə və əhəmiyyətinə varmadan mənim də uşağım orada oxumalıdır deyə fikirləşir. Sanki paltar seçərmişcəsinə təhsili və peşəni də başqalarına baxıb seçirlər.

Çox adam savadsız övladını hansısa bir universitetə göndərir, sonra isə "universiteti bitirsin, baxarıq" deyir.

Rus dili bilməyən ailə övladının rus bölməsində təhsil almasını istəyir. Dil bilmək yaxşı şeydir. Özüm də xarici dil öyrənməyin tərəfdarıyam, lakin qonşunun uşağı bilir deyib müəllimlərə pul tökmək, ona nə olur-olsun rus dilini öyrətməyə çalışmaq mənasız bir üsuldur.

Azərbaycanda, ümumiyyətlə, iqtisadiyyatdan tutmuş digər məsələlərə qədər heç bir şeyə məntiqi izah tapmaq olmur.

Bakı bulvarında gəzərkən çox vaxt adamın burnuna kanalizasiya iyi dəyir, lakin onda var mən də də olsun deyən insalar buna məhəl qoymadan oraya gedirlər ki, təki hər kəs görsün ki, məndə bulvardayam.

Eynən təhsildə, peşə seçimində də çoxları belədir".

Deputat SSRİ dövründən misal gətirərək şərhinə davam edib:

"SSRİ dövründə çox savadlı rus dili müəllimləri var idi və həmin dövrdə bu dil yüksək səviyyədə öyrədilə bilirdi. Lakin həmin müəlimlərin yarısı artıq həyatda yoxdur, yarısı isə çox yaşlanıb. İndi isə onların yerini savadsız və yaxud zəif bilikli rus dili müəllimləri alıb.

Hazırki dövrdə rus dili İngilis dilinə uduzub. İş yerlərinin, ofislərin bir çoxu ingilis dili biliyinin arzu olunduğunu bildirir.

"Övladım rus dilində təhsil alsın, gələcəkdə yüksək vəzifə sahibi olsun, yüksək maaşlı işi olsun" demək xəyallardan başqa birşey deyil.

Nə olsun? Savadı olmayanların da diplomu var.

Rusiyanın hansısa bir univesitetinə adını yazdırır, diplom alır, lakin Azərbaycana gəldikdə isə məlum olur ki, heç rus dilinin "r"sını da bilmir. Heç olmasa diplomu olan şəxs ən azından rus dilini məişət səviyyəsində danışa biləcək qədər bilməlidir.

Xeyli vəzifəli şəxslər var ki, övladları Berlində, Parisdə, Nyu-Yorkda adların universitetlərə yazdırırlar, milyonlarla vəsait xərcləyirlər. Bitirib Azərbaycana gəldikdən sonra isə məlum olur ki, bunlar ixtisaslarına aid heç nə bilmirlər. Sadəcə ad olsun ki, mənim övladım Fransada və yaxud Amerikada oxuyub.

Üç kəlməni bir-birinin ardına qoşub cümlə qura bilməyənlər professor, doktor, elmlər namizədi olmağa çalışır. Bəli, bu Azərbaycan cəmiyyətinin simasıdır".


MANŞET XƏBƏRLƏRİ