Başçı müavini ilə bağlı ittiham dəyişdiriləcək


CM-in 309.1-ci maddəsi zorakılığa aid deyil. Ona görə də istintaqın gedişində yəqin ki, 309.2-ci maddə tövsif olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış vəkil Aqil Layıc Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı (Əliyeva) və Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin sabiq direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran Prokurorluğunun CM-in 309.1-ci maddəsi ilə cinayət işi açması haqda danışarkən deyib.

O bildirib ki, 309.1-ci maddə sadəcə vəzifəli şəxsin xidməti səlahiyyətlərini aşması və vəzifə icrası ilə bağlıdır:

"Qeyd etdiyim kimi, əgər burada şiddət və zorakılıq varsa, artıq təqsirli bilinən şəxs birmənalı şəkildə 309.2-ci maddə ilə cəzalandırılacaq", - vəkil deyib.

A.Layıc bildirib ki, CM-in 309.2-ci maddəsində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Xəbər verdiyimiz kimi, icra başçısının müavini R.Arifqızı və məktəb direktoru Y.Əsgərova 14 yaşlı şagirdə qarşı zorakılıq törədiblər. Prokurorluğun təqdimatı ilə hər iki şəxs vəzifəsindən azad edilib.

Hazırda faktla bağlı Lənkəran Prokurorluğu CM-nin 309.1-ci maddəsi ilə cinayət işini davam etdirir.


MANŞET XƏBƏRLƏRİ