Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" kitabının təqdimatı oldu - FOTOLAR


Bu gün Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" adlı kitabının təqdimatı keçirilib.

Türküstan.azxəbər verir ki, tədbirdə media nümayəndələri və yazıçılar iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, uzun müddət Mətbuat Şurasının sədri vəzifəsində çalışan Əflatun Amaşov ilk dəfə bədii əsər yazıb və bu əsər çox peşəkar dildə qələmə alınıb.

Xalq şairi Sabir Rüstəmxanlı Borçalı bədii dilində yazılan əsəri yüksək qiymətləndirib: Sabir Rüstəmxanlı qeyd edib ki, belə potensiala malik Əflatun Amaşov ədəbiyyata gec gəlməməli idi: "Əflatun Amaşov həm bu dünyanın adamıdır, həm də bu dünyanın adamı deyil. Əflatun Amaşov proseslərə insani yanaşır. Millət vəkili də oldu, yanaşması dəyişməyib".

Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli "Qanıq, Hasan, bir də Qaragöz" romanının real və mifik düşüncələrin məhsulu olduğunu vurğulayıb: "Əsər çox maraqlıdır. Bu, yeni üslubda yazılmış nəsr əsəridir. Əflatun Amaşova uğurlar arzulayıram".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı əsərin orijinal üsluba malik olduğunu bildiriblər.

Romanın ərsəyə gəlməsindən danışan Əflatun Amaşov hər bir yazıçının içində peşəkar jurnalist olduğunu söyləyib: "Hər bir jurnalistin içində bir yazıçılıq var, bəzən inkişaf edir, bəzən inkişaf etmir. Markes, Ernest Heminquey də jurnalist olublar. Romana gəlincə, burada insanların şeytanlaşması, kənar dünyadan gələnlərin dünyanın faciəyə getməsini bildirməsi kimi məqamlar əksini tapıb. Bu da təsadüfi deyil, bu gün dünyada gedən proseslər də göz önündədir. Roman trilogiyadır, bu, ilk kitabdır, davamı da olacaq".

Qeyd edək ki, "Ulduz" jurnalı ilə "Mücrü" nəşriyyatının birgə layihəsi əsasında çap edilmiş romanın naşiri Müşfiq Xan, layihə rəhbəri Qulu Ağsəsdir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ